Ruhdakı dəlillər

"Səndən ruh haqqında soruşurlar..."

"Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir"." (İsra surəsi, 85)

Maddədən başqa heç bir varlığın mövcudluğunu qəbul etməyən materialist fəlsəfənin izah edə bilmədiyi mövzulardan biri insan ruhudur. İnsan digər canlılardan fərqli olaraq düşünən, anlayan, təfəkkür edən, sevinən, həyəcanlanan, qərar verən, mühakimə qabiliyyətinə sahib, zövqə malik olan bir varlıqdır.

Ancaq insanı atom yığını olaraq görən materialistlər bu xüsusiyyətlərin mənbəyinin nə olduğunu açıqlaya bilmirlər. Çünki düşünən, dərk edən və anlama qabiliyyətinə malik olan varlığın şüursuz və cansız atomlar ola bilməyəcəyi məlumdur. İnsana bütün bu xüsusiyyətləri qazandıran, onu digər canlılardan fərqli edən Allah'ın ona Özündən üflədiyi Ruhdur.

NECƏ GÖRÜRÜK?

Yaşadığımız dünya ilə bağlı bütün məlumatlar bizə beş duyğu üzvü vasitəsi ilə çatır. Gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Doğulduğumuz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

Görmə prosesi mərhələli şəkildə reallaşır.

Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq zərrəcikləri (fotonlar) gözün önündəki qişanın içindən qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə impulsları sinirlər vasitəsi ilə beynin arxa qismindəki görmə mərkəzi adlanan kiçik bir bölgəyə çatır. Bu elektrik siqnalı silsilə əməliyyatlardan sonra beyindəki bu mərkəzdə görüntü hesab edilir. Yəni görmə hadisəsi əslində beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir. İndi ümumiyyətlə hər kəsin bildiyi bu məlumat üzərində bir daha diqqətlə düşünək:

Biz, görürəm deyərkən, əslində gözümüzə gələn impulsların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi təsiri görürük. Yəni, görürəm deyərkən, əslində beynimizdəki elektrik siqnallarını izləyirik. Həyatımız boyu gördüyümüz hər görüntü bir neçə sm3-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxarkən gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Bir məsələyə diqqət etmək lazımdır:

Kəllə sümüyü işıq keçirmir, yəni beynin içi qapqaranlıqdır. Başqa sözlə, beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil.

ƏSL MÜTLƏQ VARLIQ ALLAH'DIR

Hal-hazırda elmi nailiyyətlər göstərir ki, maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki əksləri ilə təmasda olur. Biz isə bu görüntüləri xaricimizdəki əsl maddə zənn edərək yanılırıq. Əlinizdəki jurnal, içində oturduğunuz otaq, qısası, önünüzdəki bütün görüntülər əslində beyninizin içində görünür. Bəs bu görüntüləri beyninizin içində görən kimdir?

Beyninizin içində, gözə ehtiyac duymadan bu sətirlərin görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beynə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir? Bu qəbul etdikləri ilə düşünən, sevinən, kədərlənən, həyəcanlanan varlıq, zülal və yağlardan ibarət olan beynin özü ola bilərmi?

Bu suallar üzərində düşünən insan şüurlu olaraq görən, eşidən və hiss edən varlığın maddədən kənar bir varlıq olduğunu dərhal anlayar. Məhz bu varlıq ruhdur. Maddi dünya dediyimiz hisslər cəmi bu ruh tərəfindən izlənilən bir xəyaldır.


Və biz bu xəyalın beynimiz xaricində maddi bir qarşılığı varmı əsla bilmirik. Çünki duyğularımız vasitəsi ilə əsla beynimizin xaricindəki dünyaya çata bilmirik. Necə ki yuxularımızda maddi qarşılığı olmayan hadisə və obyektləri görürük, bu dünya həyatına aid görüntüləri də maddi qarşılıqları olmadan, beynimizdə yaranan görüntülər olaraq görürük.

Nəticə olaraq bizim maddə hesab etdiyimiz hər şey ruhumuzun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur. Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla qarşı-qarşıya qoyur: Madam maddi dünya olaraq tanıdığımız şey əslində ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin mənbəyi nədir?...


Bu suala cavab verərkən bir həqiqətə diqqət etməliyik; maddənin öz başına müstəqil varlığı yoxdur. Maddə qavrayış olduğuna görə, "süni" bir şeydir. Bu qəbulun başqa bir güc tərəfindən idarə edilməsi, daha açıq bir ifadə ilə desək yaradılması lazımdır. Həm də davamlı olaraq yaradılmalıdır. Bu, televizor ekranında görüntünün davam edə bilməsi üçün yayının da dayanmadan davam etməsinə bənzəyir. Bəs bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir? Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər cəmini yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı var. Bu Yaradıcı sonsuz güc və məlumat sahibidir. O Yaradıcı aləmlərin Rəbbi olan uca Allah'dır. (Harun Yəhya, Həqiqəti Bilmək)