Qanın Bədənimizdəki Həyati Funksiyası
Qan çox həyati vəzifələri olan bir mayedir və möcüzəvi xüsusiyyətləri Allah'ın üstün yaratmasının dəlillərindəndir.
Qan bədənimizə canlılıq vermək üçün yaradılmış bir həyat mayesidir. Bədənimizdə gəzdiyi müddətcə onu isidir, soyudur, qidalandırır, qoruyur, enerji verir və içindəki zəhərli maddələrin atılmasını təmin edir. Bədənimizdəki xəbərləşmə proseslərinin demək olar ki, hamısını yerinə yetirir. Damarlarda yaranan hər yırtığı dərhal bağlayır. Beləliklə, sistem özünü davamlı olaraq yeniləyir. 60 kq ağırlığındakı bir insanın damarlarında təxminən 5 l qan dövr edir. Ürək, bədəndə bu miqdarı bir dəqiqə ərzində rahatlıqla dövr etdirə bilir. Hətta fiziki bir iş görərkən və ya idman edərkən, bir dəqiqədə bu miqdardan beş dəfə çox qan dövr etdirə bilir.
Oksigen Daşıyıcısı
Tənəffüs etdiyimiz hava həyatın ən lazımi maddəsidir. Atəşin, odunu yandıra bilməsi üçün oksigenə necə ehtiyacı varsa, hüceyrələrin də enerji istehsalı zamanı şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyacı var. Bunun üçün, oksigenin ağciyərlərdən əzələlərə çatdırılması lazımdır. Kompleks bir boru xəttinə bənzədə biləcəyimiz qan dövranı sistemimiz də bu vəzifəni yerinə yetirir. Oksigeni daşıma vəzifəsini qırmızı qan hüceyrələrinin içindəki hemoqlobin molekulu yerinə yetirir. Yastı, yumru və hər iki tərəfi basıq bir quruluşda olan qırmızı qan hüceyrələrinin yalnız biri, təxminən 300 milyon hemoqlobin daşıyır.
Qırmızı qan hüceyrələrinin qüsursuz bir iş sistemi var. Oksigeni daşımaqla kifayətlənməyib, onu lazım olduğu yerə də apara bilirlər. Bunu da ən lazımi yer və zamanda, məsələn, çox işləyən bir əzələ hüceyrəsinin yanından keçərkən edirlər. Qırmızı qan hüceyrələri oksigeni bu şəkildə lazımi toxumalara verərkən, şəkərin yandırılması nəticəsində ortaya çıxan karbondioksidi də ağciyərə daşıyır və orada buraxırlar. Bunun ardınca dərhal oksigenlə bağlanır və onu yenidən lazımi toxumalara daşıyırlar.
İdeal Bir Dizayna Malik Olan Hüceyrələr
Qırmızı qan hüceyrələri miqdar baxımından digər qan hüceyrələrinə görə çoxluq təşkil edir. Yetkin bir kişinin damarlarında 30 milyard qırmızı qan hüceyrəsi üzür. Bu saydakı qırmızı qan hüceyrələri ilə demək olar ki, bir futbol sahəsinin yarısı örtülə bilər. Qanımıza, başqa sözlə, bədənimizə rəng verən hüceyrələr qırmızı qan hüceyrələridir. Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyirlər. Elastiklikləri sayəsində ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən belə keçə bilirlər. Qırmızı qan hüceyrələrinin bu elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox nöqtəsində ilişib qalardılar. Bunun səbəbi, kapilyar damarların yalnız 4-5 mikrometr qalınlığında olmasıdır. (1 mikrometr = mili metrin mində biri). Halbuki, qırmızı qan hüceyrələrinin diametrləri 7.5 mikrometrdir.
Qırmızı qan hüceyrələri belə elastiklik xüsusiyyəti ilə yaradılmamış olsaydılar, nə olardı? Bu sualın cavabını şəkər xəstəliyini araşdıranlar bilir. Şəkər xəstələrinin qan hüceyrələri ümumiyyətlə elastikliklərini itirir. Bu səbəbdən, xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanır. Bu tıxanma isə zaman içində korluğa səbəb ola bilir.
Mükəmməl bir nəqliyyat sistemi
Qandakı hüceyrələrdən əlavə, bədənə daxil olan bir çox maddə də qanın plazma adlanan hissəsində daşınır. Bu maye, qan hüceyrələrinə xas olmadığı üçün sarı, açıq bir rəngdədir. Plazma bədən ağırlığının 5%-ni təşkil edir və bunun da 90%-dən çoxu sudur. İçində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə fərqli növdə zülal vardır. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları öz üzərlərinə çəkib onları lazımi toxumalara çatdırır. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir-birləri ilə birləşər və qanda şorbadakı yağ damcıları kimi, nizamsız bir şəkildə üzərdilər. Bu vəziyyət isə ölümcül səhhət problemləri meydana gətirərdi.
Bədəndəki xüsusi xəbərçi vəzifəsini isə plazmada gəzən hormonlar yerinə yetirir. Hormonlar, orqan və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq xəbərləşməni təmin edir.
Albümin, sayca ən çox olan plazma zülalıdır və bədəndə bir mənada daşıyıcılıq vəzifəsi yerinə yetirir. Xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsi olan sarı bilirubini və pensilin kimi dərmanları özünə çəkir. Zəhərləri qaraciyərdə buraxır, qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparır.
Xüsusi Yoxlama Mexanizmləri
Qida maddələrinin arteriyalardan lazım olan toxumalara çata bilməsi üçün toxuma divarını keçməsi lazımdır. Toxuma divarı çox kiçik məsamələrə malik olsa da, heç bir maddə özbaşına bu divardan keçə bilməz. Elə bu problemi həll edən və qidaları toxuma divarından keçirən faktor qan təzyiqidir. Ancaq qida maddələrinin toxumalara lazım olduğundan çox keçməsi vəziyyətində isə, bu dəfə toxumada infeksiya meydana gələcək. Bu səbəbdən, qan təzyiqini tarazlamaq üçün mayeni qana geri çəkən bir mexanizm qurulmuşdur. Bu vəzifəni yenə albumin yerinə yetirir. Albumin, toxuma divarlarındakı kiçik məsamələrdən keçmək üçün çox böyükdür və qandakı yüksək sıxlığı səbəbindən, suyu bir süngər kimi əmir. Albumin olmasaydı, bədən sanki suda pörtləmiş bir paxla kimi şişərdi.
Bədəndəki Termostat
Qan zəhərlər, qazlar, ağ qan hüceyrələri və vitaminlər kimi maddələrlə yanaşı, temperaturu da daşıyır. Temperatur, hüceyrələrdəki enerji bərpası əsnasında əlavə məhsul olaraq ortaya çıxır. Temperaturu bədənin hər tərəfinə paylamanın və bədən temperaturunu xarici mühit temperaturuna görə nizamlamanın həyati əhəmiyyəti vardır. Əgər bədənimizin temperaturu paylama sistemi olmasaydı, məsələn, qol gücü ilə etdiyimiz bir iş nəticəsində qollarımız həddindən artıq isinər, digər bölgələrimiz isə soyuq qalardı. Belə bir vəziyyət isə maddələr mübadiləsinə böyük zərər verərdi.
Elə bu səbəbdən, temperatur bədənə paylanır. Temperaturun bədənə paylanması qan dövranı vasitəsi ilə olur. Bədənin hər tərəfinə yayılan temperaturun salınması üçün də tərləmə mexanizmi fəaliyyətə başlayır. (Harun Yəhya, İnsanın Yaradılış Möcüzəsi)
Bundan əlavə, dəri altındakı qan damarları genişlənir və beləcə qanın daşıdığı temperaturu havaya buraxması asanlaşdırılır. Bu səbəbdən, qaçdığımız və ya yüksək templi başqa bir fiziki iş gördüyümüz zaman, damarların genişlənməsi nəticəsində üzümüz qızarır.
Bütün canlı növlərinə həyat verən bu maddə Allah'ın yaratmasının açıq dəlillərindən biridir. Allah bir ayəsində belə buyurur:
"Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ən'am surəsi, 102)