Ağcaqanad möcüzəsi
Ovun yerini müəyyən edən həssas alıcılar
Ağcaqanad istilik, qaz, rütubət və qoxu dedektorları ilə yüklü bir döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun varlığını və yerini müəyyən edə bilir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli qəbul etmə sistemləri ilə təchiz edilmiş olması bu canlının ehtiyaclarını şüurlu Yaradıcı tərəfindən doğuşdan qarşılanmış olduğu mənasına gəlir. Bu üstün Yaradıcı ağcaqanadı yoxdan var edən Allah'dır.
Ağcaqanad ovunu asanlıqla tapmasına şərait yaradan xüsusi sistemlərə malikdir. Bu sistem istilik, qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif qəbul edicilərdən meydana gəlir.
Bu sayədə ağcaqanad ovunun yerini qaranlıqda çox asanlıqla müəyyən edir.
İstiliyə həssas qəbuledicilərdən istifadə etmək müasir dövrün texnologiyasında da tez-tez istifadə edilən və xüsusilə qaranlıq mühitlərdə olduqca təsirli olan bir üsuldur. Ağcaqanadın bədənində də çox həssas istilik qəbuledicisi var. "Tarsi" adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu qəbuledici sayəsində dərinin altında qanın sıx olduğu bölgələri (damarlar toxumalardan daha istidir) asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir ünsür də karbondioksit qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadlar üçün olduqca cazibədardır və ovunu tapmasına çox kömək edir.
İstilik, qaz, nəm və ya kimyəvi sekresiya xəbərdarlıqlarından birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ağcaqanad ovunun üzərinə o qədər yumşaq şəkildə qonur ki, bu, çox vaxt hiss edilmir. Daha sonra ağız bölgəsindəki bir cüt alət köməyi ilə deşmək üçün ən uyğun olan nöqtəni tapır.
İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Xortumun içində olan 4 kəsici bıçaq dərini dərindən kəsir. İstilik, qoxu, dad və toxunma duyğu orqanları dəri altındakı kapilyar damarların sıx olduğu yerləri təyin etmədə əhəmiyyətli rol oynayır. Bir neçə sınaqdan sonra ağcaqanad damarı tapır.
Ağcaqanad qanı açdığı dəlikdən içəri uzatdığı balon vasitəsilə əmir. Bu balon sayəsində kiçik qan damarına girib qanı birbaşa buradan içə bilir. Ya da dərini kəsdikdə ətrafdakı toxumalarda yığılan qanı əmir. Çox vaxt dəlici iynələr dəriyə dik şəkildə girir. Ağcaqanadın iynəsinin ən mühüm xüsusiyyəti müəyyən bir dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir, hətta dərinin səthinə paralel uzanacaq hala belə gələ bilir. Beləcə ağcaqanad iynəsini damar vasitəsilə ən zəngin bölgəyə çatdırır.
Ancaq burada ağcaqanadı gözləyən çox mühüm bir problem var. Ağcaqanad bir insanı dişlədiyi anda, insan bədənində olan müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün lazım olan ferment yara bölgəsinə ifraz olunmağa başlayır.
Bu ferment də qanın laxtalanmasını təmin edir. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün hala gətirəcək. Lakin bunu "bilən" (!) ağcaqanad kəsici bıçaqlarından birinin içindən yaraya laxtalanmağa mane olan bir maye yeridir! Bu mayenin tərkibində laxtalanmağa mane olan bir ferment var. Beləcə qandakı ferment təsirsiz hala gətirilir və laxtalanma dayanır.
Bundan əlavə, bu maye sayəsində ağcaqanad qurbanına lokal anesteziya edir. Kəsdiyi bölgəni keyidir. Beləcə insan, dərisinin kəsildiyini və qanının əmildiyini hiss etmir. Dəridə qaşınmağa səbəb də məhz bu mayedir.
Bütün bu izah edilənlər saniyələrlə ifadə edilə biləcək bir zaman dilimində olub bitərkən, insan özünü bir ağcaqanadın sancdığını belə duymur.
Bu məlumatdan sonra bu sualların yaranması labüddür:
Qanın laxtalanma kimi bir xüsusiyyəti olduğunu ağcaqanad haradan bilir?
Kəsdiyi toxumanın canlı olduğunu, bu prosesin qurbanına ağrı verəcəyini necə öyrənmiş və bu problemə qarşı keyitmə texnikasını necə inkişaf etdirmişdir? Prosesdən əvvəl lokal anesteziya etmək insanın tibb elmi vasitəsilə inkişaf etdirdiyi bir texnikadır. Ağcaqanad bu elmə necə sahib olmuşdur?
Bu mayelərin laboratoriya şəraitində belə sintez edilməsi çox çətin olduğu halda, ağcaqanad bu mayeyə doğuşdan necə sahib olmuşdur?
Ağcaqanaddakı maye və bu mayeni insandakı qan damarına yeridən sistemi, insan bədəninin quruluşunu, ağcaqanadın anatomiyasını ən kiçik incəliyinə qədər bilən və bunlara hakim olan Allah yaratmışdır.
Bu kiçik heyvana belə asanlıqla məğlub olan insana düşən vəzifə Allah'ın xarici aləmlərdə yaratdığı dəlilləri görməyə çalışmaq, Rəbbimizin gücünü haqqı ilə təqdir etməkdir. Ayələrdə belə buyurulur:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah'dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək ) istəyən də aciz qalar, istənilən də! Onlar Allah'ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 73-74)
"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır." (Bəqərə surəsi 26)