Yağış meşələri
Əsrlər əvvəl kəşf edildikdə insanı heyrətə salan yağış meşələri içində saxladığı müxtəlif bitki və heyvan növləri ilə təkamülçülərin iddialarını alt-üst etmişdir.
Yağış meşəsi və ya tropik meşə deyərkən ilk ağla gələnlər göz oxşayan kəpənəklər, orijinal görünüşlü böcəklər, rəngarəng quşlar, geniş yarpaqlı, böyük və yamyaşıl ağaclardır. Yağış meşələri ekvatora yaxın bölgələrdə bir-birinə keçmiş, daim yaşıl və yüksək ağaclardan ibarət olan meşələrdir. Bu meşələrin ən mühüm xüsusiyyəti isə çoxlu sayda heyvan və bitki növünün olmasıdır. Milyonlarla kvadrat kilometrlik tropik meşənin, demək olar ki, hər yeri çox müxtəlif canlı növlərinin yuvasıdır.
250 il bundan əvvəl Cənubi Amerikadakı yağış meşələrinə ilk ayaq basan avropalı tədqiqatçılar gördükləri müxtəliflik qarşısında heyrətə düşmüşdülər. Hər yeni tədqiqat buradakı bitki və heyvan növlərinin zənginliyini sübut edir.
Tropik qurşaqdakı meşə digər meşələrdən olduqca fərqli quruluşdadır. Yağış meşəsinin geniş gövdələrində müxtəlif şibyə və göbələk növləri olan təxminən 50 metr uzunluğundakı ağaclar var. Çoxlu sayda quş, böcək, heyvan növü bu ağacların üst təbəqəsində həyatlarını davam etdirir. Hündür ağacların altında, palma, sidr, maun, əncir kimi orta hündürlükdə müxtəlif ağaclar olur. Bunların gövdələri də rəngbərəng çiçəklər, kaktuslar, ayıdöşəyi bitkisi və yosunlarla örtülüdür. Meşənin ən alt təbəqəsi olan otlar isə olduqca sıx bitki örtüyü meydana gətirir və böyük zənginlikdəki böcək, bakteriya və göbələk növlərinə ev sahibliyi edir. Qısası, yağış meşəsinin ən xarakterik xüsusiyyəti insanı heyrətə salan canlı müxtəlifliyidir.
Quru torpağın yalnız 7%-ini təşkil edən yağış meşələrində yer üzündəki bitki və heyvan növlərinin 50%-dən çoxu yaşayır. Tədqiqatçılar bu nisbətin biomüxtəliflik haqqındakı məlumatımızın artmasıyla dəyişə biləcəyini ifadə edir. Bununla bağlı, Smithsonian İnstitutunun tanınmış tədqiqatçısı Thomas Lovejoy mühüm bir təsbit etmişdir:
"Tədqiqatçı tropik meşəni fərqli üsullarla araşdırdıqca, daha çox biomüxtəlifliyin mövcud olduğunu aşkarlamışdır." (Thomas E. Lovejoy, "Biodiversity: What Is It?", s. 8, Marjorie L. Reaka-Kudla, Don Wilson Biodiversity II, Vaşinqton D. C, 1997)
Həmin müxtəlifliyi gözünüzdə canlandıra bilməyiniz üçün bir neçə nümunə verək: Bir hektar (10.000 metr kvadrat sahə) tropik meşə 600-dən çox ağac növü var. (M. Encarta Encyclopedia 2001 Deluxe Edition CD, "Rain Forest".)
Amazon Hövzəsinin hər hansı bir bölgəsində gün ərzində 440 növ kəpənək toplana bilir. (M. Encarta Encyclopedia 2001 Deluxe Edition CD, "Amazonian Biodiversity") Bir ağacın üzərində 43 müxtəlif qarışqa növü, 650 fərqli böcək növü olur. Yenə bu bölgədəki bir kvadrat kilometrlik meşə sahəsində yüzlərlə növ quşa rast gəlmək mümkündür. Borneoda 10 ağacdan nümunə götürdükdə, 2.800-dən çox oynaqlı heyvan növü aşkar edilmişdir. Tropik meşələrdə yaşadığı təxmin edilən böcək növünün sayı milyonlarladır.
Diqqət yetirin!. Yuxarıda bəhs edilən ədədlər müəyyən bir mühitdəki canlıların cəminin sayı deyil; canlı növlərinin sayıdır. Bu böyük ədədlərə əlavə olaraq insanda heyrət oyandıran digər bir varlıq da yağış meşələrində bəzi ekspertlərə görə milyonlarla, bəzilərinə görə on milyonlarla canlı növünün mükəmməl uyğunluq və əməkdaşlıq içində yaşamasıdır. (Harun Yəhya, Düşünən İnsanlar Üçün)
Ümumiyyətlə yağış meşələri torpağının zəngin və məhsuldar olduğu zənn edilir. Ancaq bu qənaətin doğru olmadığı yaxın vaxtlarda aydın olmuşdur. Bu meşələrin torpağı digər meşələrinki ilə müqayisədə qida baxımından kasıbdır. (M. Encarta Encyclopedia 2001 CD, "Environment, Tropical Forest) Kasıb torpaqdan çox zəngin bitki müxtəlifliyi çıxdığı sualına gəlincə, bunun cavabı yağış meşəsi ekosisteminin qüsursuz dizaynındadır.
Tropik meşələrdəki canlı müxtəlifliyi bütün halında və qarşılıqlı həssas tarazlıqlara əsaslanaraq yaradılmışdır. Məsələn, yağış meşəsinin ən alt təbəqəsində yaşayan mikroskopik canlılara, kiçik böcəklərə və göbələklərə nəzər salaq. Bunlar nəhəng ağaclar və kiçikli-böyüklü heyvanlarla müqayisədə olduqca kiçik ölçülərdədir, ancaq mühüm vəzifələr yerinə yetirirlər: Meşənin təmizliyindən və torpağın məhsuldar vəziyyətə gətirilməsindən məsuldurlar. Ağaclardan düşən yarpaq və budaqları, ölü heyvanları mənimsəyərək ekosistemə geri qaytarırlar. Beləcə heç bir şey israf edilmir. Professor Edward Wilson bu mexanizmin əhəmiyyətini belə izah edir:
"Yarpaqkəsənlər və digər qarışqa növləri, bakteriyalar, göbələklər, termitlər və gənələrlə birlikdə ölü bitkilərin çoxunu yeyir və qidalandırıcı maddələri bitkilərə geri çevirərək böyük tropik meşələri qoruyur." (Təbiətin Gizli Bağçası, Tübitak Məşhur Elm Kitabları, 2000 s. 134)
Yağış meşələrində neçə milyon canlı növü yaşadığını hələ bilmirik. Ancaq bunu çox yaxşı bilirik: Bu ekosistemlərdəki hər növün vəzifəsi və əhəmiyyəti fərqlidir və milyonlarla növ mükəmməl uyğunluq içində yaşayır. Bu həqiqət Elm və Texnika jurnalında Amazondakı yağış meşələrinin izah edildiyi məqalədə belə bildirilir:
"Amazon Hövzəsindəki bu kompleks ekosistemdə növlərin davamlılığı bir-birlərinin həyatına möhkəm bağlıdır. Bitki ya da heyvan olmasından asılı olmayaraq, hər bir növ bu milyon hissəli sistemin kiçik bir hissəsidir. Ağacların, ağaclardakı epifitlərin (torpaqda kök atmağa ehtiyac duymayan bitkilər) və göbələklərin, meymunların, vampir yarasaların, qartalların, tutuquşuların, çaydakı timsahların, su zambaqlarının gözlə görünməyən mikroorqanizmin içində yaşadıqları bu nəhəng ekosistemə kömək edir. Burada çox həssas tarazlıqlar var. Yağış meşəsi bütün bu növlərlə birlikdə mövcud olur. Tək bir növün sıradan çıxması bir çox tarazlığı pozur." (Çağlar Sunay, Elm və Texniki Aprel 1999, s. 75)
Meşədəki bəzi növlər arasında uyğunluq vardı. Belə ki, biri olmadan digəri də yaşaya bilməyəcək qədər bir-birlərindən asılıdırlar. Yağış meşəsindəki ağacların 90%-i toxumlarını yaymaq üçün heyvanlara ehtiyac duyurlar. Digər tərəfdən, böcək sürfələri, tırtıllar, quşlar və digər heyvanlar da bu ağacların toxumlarıyla qidalanırlar. Məsələn, əncir ağacı növləri ilə əncir ağcaqanadı növləri bir-birlərindən elə asılıdırlar ki, ayrı olaraq nəsillərini davam etdirə bilməzlər. Əncir ağcaqanadları olmasa, əncir ağacları öz-özlərini dölləndirə bilməzlər. Əncir ağacları olmasa əncir ağcaqanadları təbii həyat sahələrindən məhrum qalarlar. Tropik bölgələrdə 900-dən çox əncir növünün hər biri üçün fərqli növ əncir ağcaqanadı var.
Burada mühüm bir məsələyə də diqqət yetirmək lazımdır: Əncir ağcaqanadının bədən və ağız quruluşu ilə çiçəyin quruluşu və çoxalma orqanları, böcəyin uçuş proqramı ilə çiçəyin açılma vaxtı kimi xüsusiyyətləri uyğunluq təşkil edirlər. Növlər arasındakı bu uyğunlaşmanı açıqlamaq isə Darvinizm üçün hər zaman böyük problem olmuşdur. Bu faktın yalnız bir izahı var: Bitkilər və heyvanlar arasındakı uyğunluq bənzərsiz dizaynın nəticəsidir. Bu sistemin zaman içində kiçik dəyişiklərlə, təkamülün şüursuz mexanizmləriylə inkişaf ehtimalı yoxdur. Məsələn, Xanthopan morganii adlı kəpənək növü və Madaqaskar səhləbkimi çiçəyi arasındakı uyğunlaşmanı araşdıraq. Bu kəpənək nektar toplayarkən 30-35 sm uzunluğundakı xortumunu səhləbkiminin təxminən 30 sm dərinliyindəki çiçəyinin içinə doğru uzadır və onun döllənməsini təmin edir. Çiçəyin dərinliyindəki yumurtanın döllənməsi üçün səhləbkimi uzun xortumu olan böcəyə ehtiyac duyur, yəni hər iki növün bir-birləriylə uyğunluq təşkil etmələri məcburidir. Təkamülçülər bu vəziyyət qarşısında çıxılmaz vəziyyətdədirlər. Çünki bir-birindən ayrı olan bu iki növün bir-birlərinə paralel olaraq "təkamül müddəti"ni eyni anda keçirmələri mümkün deyil.
Bunu belə açıqlayaq: Madaqaskar səhləbkimi çiçəyinin və həmin Xanthopan morganii növü kəpənəyin daha qısa boya və xortuma malik olan əcdadlarının olduğunu fərz edək. (Təkamül nəzəriyyəsinə görə, bu ehtimalla yola çıxmaq lazımdır.) Bu vəziyyətdə, hər iki növün də bir-birləriylə eyni vaxtda uzanmaları, bunun üçün kəpənəyin və səhləbkiminin eynivaxtlı xortum və ya kanal boylarını uzadan mutasiyalara məruz qalmaları, mutasiyaların bu canlılarda yalnız faydalı dəyişiklik etməsi, mutasiyaya uğrayan fərdlərin eyni yerdə və yan-yana olmaları, bir-birləri ilə təmasa keçmələri, digər mutasiyaya uğramamış fərdlərə görə daha üstün olub çoxalmaları və bu mutasiya-seleksiya müddətinin milyonlarla il həmişə təsadüfən "səhvsiz" olaraq davam etməsi lazımdır.
Buna inanmaq qıfıl ilə onu açan açarın ayrı-ayrı və bir-birlərinə uyğun şəkildə "təsadüfən" meydana gəldiklərinə inanmaq kimidir. Halbuki, aydındır ki, buradakı şüurlu dizayn ən incə detalına qədər aləmlərin Rəbbi olan Allah'a aiddir.
"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)