Dəniz məməlilərinin üstün yaradılışı
Dəniz məməliləri suda yaşamaq üçün hazırlanmış xüsusi bədən sistemlərinə malikdirlər.
Balinalar və delfinlər "dəniz məməliləri" kimi tanınan canlı qrupunu təşkil edirlər. Bu canlılar məməli sinfinə daxildirlər, çünki qurudakı məməlilər kimi doğur, əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər. Ancaq bu canlılar suda yaşayan məməlilər olduqları üçün bədən quruluşları digər məməlilərdən fərqlidir. Dəniz məməliləri yorulmadan kilometrlərlə üzə bilir, suda və quruda olan hər şeyi dəqiqliklə görə bilirlər. (HarunYahya, Doğadakı Tasarım)
Fərqli mühitlərdə kəskin görmə qabiliyyəti
Delfinlərin və balinaların gözləri onlara fərqli mühitdə görməyə imkan yaradır. Suyun altında və üzərində mükəmməl şəkildə görə bilirlər. Məsələn, bir delfin sudan 6 metr hündürlüyə tullana bilir və özü üçün havada olan bir yeməyi böyük həssaslıqla tuta bilir. Halbuki, başda insan olmaqla, bir çox canlı işığın qırılmasındakı fərqə görə, öz mühitinin xaricində yaxşı görə bilmir. Dəniz məməlilərinin gözü ilə quru canlılarının gözü arasında fərq vardır. Quruda göz üçün təhlükələr fiziki zərbələr və tozdur. Bu səbəbdən, quru heyvanlarının göz qapaqları var. Su mühitində isə ən böyük təhlükələr duz nisbəti, dərinliyə dalarkən meydana gələn təzyiq və dəniz axıntılarının meydana gətirdiyi zərərlərdir.
Axıntılarla birbaşa təmasda olmaması üçün gözlər başın yan tərəfində yerləşir. Həmçinin dərin dalğıclarda gözü təzyiqdən qoruyan bərk bir təbəqə var. Doqquz metr dərinlikdən sonra dənizin dibi qaranlıq olur. Dəniz məməlilərinin gözü qaranlıq mühitə uyğunlaşmaq üçün bir çox xüsusiyyətlərlə təchiz edilmişdir. Məsələn, linza dairə formasındadır. İşığa həssas olan çubuq hüceyrələri rənglərə və detallara həssas olan konus hüceyrələrindən daha çoxdur. Gözlərdə xüsusi fosforlu təbəqə var. Bu səbəbdən, dəniz məməliləri qaranlıqda görə bilirlər.
Duzlu suda həyat möcüzəsi
Balinalar və delfinlər kimi dənizdə yaşayan məməlilərin yaşamaq üçün şirin suya ehtiyacları var. Ancaq bu ehtiyaclarını digər balıqlar kimi duzlu su ilə ödəyə bilmirlər. Bu məməlilər su ehtiyaclarının böyük qismini okeandakı duz nisbətinin üçdə biri qədər duz ehtiva edən canlıları yeyərək təmin edirlər.
Bu qədər qıt su qaynağına malik olan dəniz məməliləri üçün bədənlərindəki suyun maksimum dərəcədə qorunması və qənaət edilməsi çox vacibdir. "Scientific American" elmi jurnalında "Dəniz məməliləri duzlu suyu necə içir" məqaləsi dərc olunmuşdur. Dəniz bioloqu Robert Kenney dəniz məməlilərinin ehtiyacları olan suyu yeməklərindən əldə etdiklərini açıqlamışdır. Robert Kenney dəniz məməlilərinin duzlu yeməklərdən uzaq dayanaraq bədənlərindəki duz nisbətini azaltdıqlarına və qanlarındakı suyu tarazladıqlarına da diqqət çəkmişdir ("Scientific American", iyul 2001).
Aparılan araşdırmalara görə, dəniz məməliləri bədənlərindəki şirin suyu qorumağı bacarırlar. Məsələn, bu canlılar su itirməmək üçün tərləmirlər, çünki dərilərində tər vəziləri yoxdur. Bu zaman böyrəkləri də qandakı suyun sidiklə ifraz olunmasını azaldır. Beləliklə, su itkisi də azalır.