Skeletin Yaradılışı
Gülmək, qaçmaq, yerimək, oturmaq, qalxmaq, yatmaq, yazı yazmaq... Hər insan bütün bu əməliyyatları sümükləri sayəsində icra edir. Sümükləri sayəsində yeriyir, ayaqda durur, yatır, gülür, yemək yeyir. İnsan skeleti 206 ədəd sərt hissənin bir yerə gəlməsi ilə meydana gəlmişdir. İnsan skeletindəki hər biri fərqli funksiyalara malik olan sümüklər Allah'ın yaratma sənətinin ucalığını bizə göstərir.
Sümüklər və sümüklərin meydana gətirdiyi skelet quruluş, vəzifə və funksiya olaraq araşdırıldıqda, çox əhəmiyyətli bir yaradılış möcüzəsi ilə qarşılaşılır. Skelet başlı-başına bir mühəndislik möcüzəsidir. Bədənin quruluşca dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağciyər kimi həyati orqanları qoruyur, daxili orqanlara dəstək olur. İnsan bədəninə, heç bir süni maşın tərəfindən təqlid edilə bilməyən üstün bir hərəkət qabiliyyəti verir.
Sümük toxuması bir çoxlarının zənn etdiyi kimi cansız deyil. Sümük toxuması bədəndə kalsium, fosfor kimi bir çox əhəmiyyətli mineral bankıdır. Bədənin ehtiyacına görə bu mineralları depolayır və ya əvvəldən depoladığı mineralları bədənə geri qaytarır. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələrinin istehsalı da sümük iliyi tərəfindən həyata keçirilir.
Skeletin Mükəmməl Funksiyası
Skelet mükəmməl bir funksiyaya malik olmaqla yanaşı, onu meydana gətirən sümüklər də üstün bir quruluşa malikdir. Bədənin qorunması kimi əhəmiyyətli bir vəzifəni yerinə yetirən sümüklərimiz bu işi rahatlıqla yerinə yetirə biləcək həcm və möhkəmlikdə yaradılmışdır. Hətta bu yöndə olduqca geniş bir təhlükəsizlik vəziyyəti hesablanmış və bədənin təmasda olacağı çətin vəziyyətlər nəzərə alınmışdır. Məsələn, bud sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək quruluşdadır. Belə ki, atılan hər addımda bud sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox artıq düşür. Hətta şüvüllə yüksək atlayış edən bir atlet, yerə enərkən bud sümüyünün hər kvadrat santimetri 1400 kiloluq bir təzyiqə məruz qalır. O halda, sümük adlanan və tək hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu qüvvətli edən nədir?
Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlidir. Sümüklərdəki qüsursuz yaradılışı anlamaq üçün müasir dövrün texnologiyasından bir nümunə vermək doğru olar. İyirminci əsrin ikinci yarısına qədər olduqca çətin hazırlanan böyük və hündür sistemlər, bu tarixdən etibarən texnologiyanın irəliləməsi ilə inkişaf etdi.
İstifadə edilən texnologiyalardan ən mühümü qəfəs sistemləri idi. Bu üsulda sistemin daşıyıcı işçiləri monolitik quruluşda deyil, bir-birinin içinə keçmiş qəfəs şəklində çubuqlardan meydana gəlmişdi. Kompüterin köməyi ilə aparılan mürəkkəb hesablar sayəsində, böyük körpülər və sənaye quruluşları daha dayanıqlı və ucuz tikildi.
Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə bənzər bir quruluşda yaradılmışdır. Mühüm bir fərqlə; sümük içindəki sistem, insanın inkişaf etdirdiyindən daha üstün və kompleksdir. Bu sayədə sümüklər, həm olduqca möhkəm, həm də insanın rahatlıqla istifadə edə biləcəyi yüngüllükdə olur. Əgər əksi olsaydı, yəni sümüklərin içi, xarici kimi sərt və tamamilə dolu olsaydı, həm sümüklər insanın daşıya biləcəyindən çox ağır olardı, həm də sümüyün quruluşu möhkəm və sərt olub ən kiçik bir zərbədə çatlaya və ya qırıla bilərdi. (Harun Yəhya, İnsan Möcüzəsi)
Dizayn Möcüzəsi Sümüklərimiz
Sümüklərimizin bu mükəmməl dizaynı, bizim çox rahat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və heç ağrı duymadan edə bilməyimizi təmin edir. İnsanın öhdəsinə düşən şübhəsiz, bu mükəmməl bədəni onun üçün yaratmış və əmrinə vermiş olan Allah'ı tanımaq və Ona şükür etməkdir.
İnsan bədənindəki sümüklərin elastikliyi ehtiyaca görə dəyişə bilir. Məsələn, qadınlarda çanaq sümükləri hamiləliyin son aylarına doğru boşalır və bir-birindən bir az ayrılır. Bu çox mühüm bir detaldır, çünki bu boşalma sayəsində doğum əsnasında körpənin başı əzilmədən çölə çıxa bilir. Görəsən, çanaq sümüyü dünyaya yeni gələcək bir canlının başının əzilməməsi üçün özünü daha elastik bir hala gətirməyə necə qərar verir?
Belə mühüm bir nizamlama təkamülün, yəni təsadüflərin bir hədiyyəsi əsla ola bilməz. Açıq olan tək həqiqət var. Bütün bunların cavabı qüsursuz və planlı bir yaradılışdır.
Sümüklərin elastikliyinə başqa bir nümunə olaraq körpələri verək. Körpələrin kəllə və digər sümükləri çox yumşaqdır və bir-birləri üzərində az da olsa hərəkət edə bilir. Bu elastiklik sayəsində körpənin başı doğum zamanı bir zədə görmədən çıxa bilir. Əgər bu kəllə sümükləri doğum əsnasında sərt olsaydı, ana bətnindən çıxarkən çatlaya bilər, hətta qırılaraq körpənin beynində böyük zərərlərə yol aça bilərdi. Bu mərhələdə təkrar qaçınılmaz bəzi suallarla qarşılaşırıq. Görəsən, doğum əsnasında körpənin kəllə sümüyünün qarşılaşacağı təhlükəni kim, haradan bilir, bu tədbir necə alınır? Aydındır ki, ananın da, uşağın da belə bir maneə ilə qarşılaşacaqlarından xəbərləri yoxdur. Üstəlik xəbərləri də olsa hər hansı bir şəkildə müdaxilə edə bilməzlər. Körpəyə və anasına həyat verən də, onlar üçün belə bir sistemi yaradan da şübhəsiz, üstün elm sahibi olan Allah'dır.
Skeletin Hərəkət Qabiliyyəti
Skeletlərin hərəkət qabiliyyəti də düşünülməli olan əhəmiyyətli bir detaldır. Addım atdığımız zaman onurğamızı meydana gətirən fəqərələr bir-biri üstündə hərəkət edir. Davamlı hərəkət və sürtünmə, fəqərələrin zədələnməsinə səbəb ola bilər. Halbuki, bunun olmaması üçün hər bir fəqərə arasına disk deyilən dayanıqlı qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizator vəzifəsini yerinə yetirir. Bundan əlavə, hər addım atdıqda, bədən ağırlığı səbəbilə yerdən bədənə bir reaksiya qüvvəsi gəlir. Bu qüvvə onurğadakı amortizatorlar və onurğanın "qüvvə paylayıcı" S-vari şəkli sayəsində bədənə zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəlləyə çatdırılardı və hər addımda beynimiz sarsılardı. (www.harunyahya.org)
Bütün bunlar insan bədəninin çox mükəmməl bir dizaynın, daha doğrusu bir yaradılışın məhsulu olduğunu göstərir. İnsan bu mükəmməl dizayn sayəsində bir-birindən çox fərqli hərəkətləri böyük bir sürət və rahatlıq içində yerinə yetirir. Halbuki, belə olmaya bilərdi. Daha sərt, daha kobud bir skeletimiz ola bilərdi. Məsələn, ayağımızın tək bir uzun sümükdən meydana gəldiyini düşünün. Belə bir vəziyyətdə yerimək böyük bir problemə çevriləcək, çox kobud və hərəkətsiz bir bədənimiz olacaqdı. Bir yerə oturmaq belə çətinləşəcək, bu cür hərəkətlər ayaq sümüyünün asanlıqla qırılmasına səbəb olacaqdı.
Halbuki, etmək istədiyimiz hər hərəkətə icazə verən, bunları asanlaşdıran və etibarlı hala gətirən bir skeletimiz var. Lakin biz nə skeletimizin dizaynını etdik, nə də sümüklərimizi meydana gətirdik. Bunlar hər hansı bir təsadüfi güc və ya zamanla meydana gəlmədi. Bunları bizim üçün ən mükəmməl şəkildə yaradan Allah'dır. Rəbbimiz bizləri bu həqiqət üzərində düşünməyə belə dəvət edir:
"... Sümüklərə də bir bax, necə bir yerə gətiririk, sonra da onlara ət geydiririk?" (Bəqərə surəsi, 259)