Alovdakı dizayn
Canlıları enerji ilə təmin edən ən əsas reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır? (Harun Yəhya, Kainatın Yaradılışı)
Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətamizdir.
Bunun səbəbi oksigen molekulunun (O2) normal temperaturda özünü təsirsiz qaz kimi aparmasıdır, yəni reaksiyaya girməyən bir quruluşa sahib olmasıdır. Burada başqa bir sual da ortaya çıxır; O2 asanlıqla reaksiyaya girməyən molekuldursa, o halda bədənimizin daxilində necə reaksiyaya girir?
19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini müəyyən etmişdir. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər.
Yəni ortada çox maraqlı bir vəziyyət var: oksigen yandırıcı bir elementdir və normal halda, bizim bədənimizi də yandırmalıdır. Lakin bunun olmaması üçün oksigenin atmosferdəki O2 molekulu təsirsizdir, yəni, asanlıqla reaksiyaya girmir. Amma bədənimizin enerji ilə təmin olunması üçün oksigenin yanmasına ehtiyacı var. Buna görə də, hüceyrələrimizdə bu təsirsiz qazı reaktiv hala gətirən kompleks bir ferment sistemi yerləşdirilmişdir.Həmçinin onu da bildirmək lazımdır ki, həmin ferment sistemi, canlı aləminin təsadüflərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi bir dizayn möcüzəsidir.
Bədənimizin qəfil alovlanmasına mane olmaq üçün başqa tədbir də alınmışdır. Bu, ingilis kimyaçısı Nevil Sicvikin ifadəsi ilə desək, "karbonun təsirsiz xüsusiyyətə malik olmasıdır." Başqa bir ifadə ilə desək, karbon atomu normal temperaturda asanlıqla oksigenlə reaksiyaya girmir.
Kimyəvi dillə ifadə edilən bu xüsusiyyəti, əslində, hamımız gündəlik müşahidə etmişik. Soyuq havada odun və ya kömür yandırmağa çalışdıqda yaşadığımız çətinlik karbonun həmin xarakterik xüsusiyyəti ilə bağlıdır. Odu alovlandıra bilmək üçün odunun və ya kömürün temperaturunu yüksəltməliyik. Amma od bir dəfə alovlandıqdan sonra karbon sürətlə reaksiyaya girir və böyük bir enerji ortaya çıxır. Buna görə də, bir yanğın törətmək (kibrit və s. kimi xüsusi atəş mənbələri olmadıqca) çox çətindir. Amma yanğın bir dəfə başladıqdan sonra çox böyük temperatur ətrafa yayılır və bu temperatur ətrafdakı digər karbon birləşmələrini də alovlandırır.br/>
Bu vəziyyəti araşdırdıqda alovda mükəmməl bir dizayn ortaya çıxır. Oksigenin və karbonun kimyəvi xüsusiyyətləri elə nizamlanmışdır ki, bunlar yalnız çox yüksək temperaturda reaksiyaya girib atəş meydana gətirirlər. Əgər belə olmasa idi, yer üzərində həyat mümkün olmazdı. Əgər oksigen və karbon daha sürətlə reaksiyaya girsə idilər , havanın temperaturu bir az artdıqda insanlar, ağaclar, heyvanlar bir anda alovlanıb yanardılar. Məsələn, günorta vaxtı bayırda yeriyən bir insan temperatur ən yüksək dərəcəyə qalxdığı zaman bir anda alovlana bilərdi. Bitkilər və heyvanlar da eyni təhlükə ilə üzləşərdilər. Əlbəttə ki, belə bir dünyada həyatdan danışmaq bir az çətin olardı.
Əgər oksigen və karbon tamamilə təsirsiz qazlar olsaydı, bu dəfə də dünyada od yandırmaq çox çətin, bəlkə də qeyri-mümkün olardı. Odun olmadığı bir mühitdə isə insanların isinməsi və texnologiyanın inkişafı mümkün olmazdı. Çünki texnologiyada əsas olan metallardır və metallar da ancaq çox yüksək temperaturda əriyib hər hansı bir formaya salınırlar. Bu vəziyyət karbon və oksigen atomlarının kimyəvi xüsusiyyətlərinin yenə insan həyatı üçün ən uyğun şəkildə olduğunu göstərir. Maykl Denton bu mövzuda bunları yazır:
"Karbon və oksigen atomlarının normal temperaturda asanlıqla reaksiyaya girməmələri və ya bir dəfə reaksiyaya girdikdə ortaya çıxan böyük enerji Yer kürəsindəki həyat üçün çox əhəmiyyətlə nizamlanmışdır. Kompleks canlıların düzgün və nəzarət edə biləcəkləri şəkildə enerji əldə etmələrini və eyni zamanda insanların odu nəzarət edə biləcəkləri bir şəkildə istifadə edərək texnologiya üçün lazım olan temperaturu əldə etməsini təmin edən amil məhz karbon və oksigen atomlarındakı bu maraqlı nizamdır."
Qısası, karbon və oksigen atomları bizim həyatımız üçün ən uyğun şəkildə yaradılmışdır. Bu iki elementin xüsusiyyətləri bizə od yandıra bilmək və bu odu ən uyğun şəkildə istifadə etmək imkanı verir. Bundan əlavə, dünyanın hər tərəfi xeyli miqdarda karbon tərkibli, yəni, od yandırmaq üçün asanlıqla istifadə edə bildiyimiz ağaclarla doludur. Bütün bunların insan həyatına ən uyğun tərzdə yaradıldığı görünür. Belə ki, Allah insanlara Quranda belə buyurur:
"O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız". (Yasin surəsi, 80)