Torpaqdan gələn ləzzət
Meyvə ağaclarında və bitkilərdə insanın əldə edə bilməyəcəyi qədər yüksək ağıl, məlumat və texnologiya var.
Toxumun içindəki məlumat bitən ağacın şəkil və quruluşunu ehtiva edir. Bundan daha da maraqlısı odur ki, toxum ağacın bitirəcəyi meyvənin məlumatlarına sahibdir. Meyvə isə özü-özlüyündə möcüzədir. Meyvənin ən mühüm xüsusiyyəti insanın dad zövqünə və sağlamlığına uyğun olmasıdır. Hər meyvə özünə xas ləzzətə və qoxuya malikdir. Həmçinin rəngləri də çox estetik və cazibədardır. Bununla yanaşı, hər meyvə mükəmməl "örtük"lə örtülmüşdür; naringi, portağal və ya banan hamısı çox gözəl və soyulması asan örtüklərə sahibdirlər.
Məsələn, portağal çox acı ola bilərdi, ya da bildiyimiz gözəl dada sahib olardı, amma çox pis qoxusu ola bilərdi, rəngi də palçıq rəngi ola bilərdi. Halbuki, hər meyvə ən gözəl dad və qoxuya sahibdir. Bu dad və qoxuları torpaqdan əldə etdikləri üzvi maddələrlə yaradırlar. Halbuki, torpağın çox yaxşı qoxusu yoxdur, dadı isə pisdir. Ancaq ağac bu palçıq yığını içindən özünə lazımlı olan maddələri mənimsəyir, bunları kimyəvi proseslərdən keçirərək dad və qoxular yaradır.
Burada ikinci bir cəhət də var: Ağacın yaxşı qoxu və dad yaratdığını söyləyirik, amma əslində hadisə daha da mürəkkəbdir. Çünki "yaxşı qoxu" və ya "yaxşı dad" kimi anlayışlar insana aid anlayışlardır və ağac öz başına dad və ya qoxunun yaxşı, yoxsa pis olduğunu bilə bilməz. Bunu bilməsi üçün insanın sahib olduğu estetik anlayışlara sahib olması lazımdır. İnsanın niyə ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə bir dil quruluşuna sahib olduğunu öyrənməsi lazımdır. Bunları öyrəndikdən sonra isə bir az əvvəl söylədiyimiz işi yerinə yetirəcək, yəni palçıqların içindən yığdığı maddələrlə mükəmməl kimyəvi hadisələri reallaşdıracaq.
Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad və ya rənglə məhdud deyil. Bu taxta parçası insan bədəninin hansı vitaminlərə ehtiyac duyduğunu da bilir və onları yaratdığı meyvənin içinə qoyur. Hətta bu vitamin ehtiyatının mövsümlərə görə nizamlandığını görürük: Qış aylarında məhsul verən; portağal, naringi kimi meyvə növlərinin tərkibində yaz meyvələrinə görə daha çox C vitamini var. Məqsəd qışın soyuğuna qarşı insanı ehtiyacı olan C vitamini ilə təmin etməkdir.
Bəs necə olur ki, taxta parçası olan ağac bütün bunları bilir? Ağacın etdiklərini süni şəkildə əldə etməyə çalışsaq, olduqca uzun zaman cəhd etməyimiz lazımdır. Ağacın yaratdığı dadı yaratmaq mümkün deyil; dünyada torpaqdan meyvə yaradan bir maşın hələ icad edilə bilməmişdir.
Əldə edə biləcəyimiz tək şey qoxudur. İnkişaf etmiş laboratoriyada uzun proseslər nəticəsində meyvənin qoxusunu əldə edə bilərik. Necə ki, ətirlər bu şəkildə əldə edilir. Ancaq ətirlər də əslində tamamilə süni deyil, bütün ətirlər müxtəlif gözəl qoxulu bitkilərdən faydalanılaraq hazırlanır. İnsan əlindəki bütün ağıl və texnologiyaya baxmayaraq, bitkilərin və ya ağacların sahib olduğu gözəl qoxu yaratma qabiliyyətinə sahib deyil. Başqa sözlə, meyvə ağacında və ya hər hansı bir bitkidə insanın qavraya bilməyəcəyi yüksək ağıl, məlumat və texnologiya var. Bu heyrətamizliyin isə tək izahı var: Ağaclar mükəmməl və üstün ağıl, sonsuz elm və qabiliyyətə sahib Yaradıcı tərəfindən xüsusi olaraq yaradılmışdır. Ağacların vəzifələri insanlara meyvə təqdim etməkdir və bu çətin işi tarixin əvvəlindən indiyə qədər böyük müvəffəqiyyət ilə yerinə yetirirlər. Pis dadı olan, qəhvəyi rəngli torpağın içindən dünyanın ən ləzzətli və gözəl qoxulu yeməkləri yaradılır. Çünki Allah, ağacları o iş üçün yaratmışdır. Ayələrdə belə buyurulur:
"Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?" (Yasin surəsi, 33-35)
İnkarçılar təbiətdəki bütün canlıları təkamül nəzəriyyəsi ilə izah etməyə çalışırlar. Bir təkamülçüyə ağacların belə ağla və qabiliyyətə necə sahib olduqlarını, niyə insanlar üçün qida yaratdıqlarını soruşsanız, sizə yalnız "təsadüfən belə olmuşdur" cavabını verəcək. Halbuki, heç bir təsadüf ləzzət anlayışını bilməz, insanın xoşuna gələcək ləzzətlərin nə olduğunu bilməz, heç bir təsadüf insanın xoşuna gələn qoxuları yarada bilməz. Heç bir təsadüf insan bədəninə mövsümlərə uyğun vitamin verməyi düşünə bilməz, bunu təmin edən sistemləri nizamlaya bilməz.
Təsadüflər hər zaman yanlışlıq və qarışıqlıq doğurur. Bunu bir örnəklə açıqlaya bilərik. Təsadüfən gözəl qoxu əldə etmək üçün təcrübə apardığımızı düşünək. Böyük qabın içinə torpaq dolduraq. Bu torpağa təbiətdəki müxtəlif "vasitə"lərdən əlavə edək; minerallar, heyvan qalıqları, bitki hissəcikləri kimi... Bunun üzərinə də müxtəlif kimyəvi qarışıqlar əlavə edək. Qabı bağlayıb gözləyək. Bir neçə gün sonra qabı açdıqda həyatınızda hiss etdiyiniz ən pis qoxulardan biriylə qarşılaşırsınız. Bu təcrübənin nə qədər fərqli versiyalarını sınasanız da, həmişə bir-birindən pis qoxular əldə edərsiniz.
Gözəllik, estetika və təmizlik özbaşına yaranmır. Ancaq ağıl sayəsində meydana gəlir; xüsusi olaraq yaradılması lazımdır. Bu hadisənin bu yönünü də düşünə bilərik; əgər bütün qidalar bizim istədiyimiz kimi olsa, ancaq həzm sistemimiz "təsadüfən" meydana gəlmiş olsaydı, yenə böyük çətinliklə yaşayacaqdıq. Məsələn, "təsadüfən" yaranan dilin dad alma xüsusiyyəti olmayacaqdı və biz ən ləzzətli yeməyi yeməklə taxta gəmirmək arasında heç bir fərq hiss edə bilməyəcəkdik. Ancaq belə bir şey olmur, yeməklər və həzm sistemimiz mükəmməl uyğunluğa sahibdir. Burada izah edilənlər Allah'ın rəhmətinin və şəfqətinin dəlillərindəndir..
Allah'ın adlarından biri "Rəzzaq", yəni ruzi verəndir və hamısı ayrı bir mükəmməllikdə yaradılmış bütün ruziləri bizə verən də Odur. Buna qarşı insanın nə edəcəyi Quranda belə ifadə olunur:
"... Rəbbinizin ruzisindən yeyin və ONA şükr edin..." (Səba surəsi, 15)