Quşların dünyası
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah'dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Yer üzərindəki bütün canlılar çoxalma üsulları, özünümüdafiə, qidalanma üsulları, yuva qurmaq kimi saysız-hesabsız üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Bəzi canlılar memar kimi yuva inşa edir, bəziləri mühəndis kimi istilik sistemi qurur, bəziləri isə əsl kamuflaj ustasıdır. Bu canlıların həyatlarını araşdırdıqda həm fiziki xüsusiyyətlərinin, həm də davranışlarının yaşadıqları mühitlə tam uyğunluq içərisində olduğunu görürük.
Üstəlik bu canlıların heç biri şüura və ya ağıla sahib deyil, hətta bir qisminin beyni belə yoxdur. Nümayiş etdirdikləri üstün ağıl kainatdakı hər şeyin Yaradıcısı olan Allah'a aiddir. Quşların özünəməxsus bir çox nümunəvi xüsusiyyətləri var. Quşların dünyasını araşdırdıqda Allah'ın onları özləri üçün ən əlverişli anatomik quruluşda yaratdığını görürük. Məsələn, quşların dişləri yoxdur. Buna görə, toxumların xarici qabığını ağızları ilə qırır, hətta bu üsulla daxili qabığı da azacıq bölürlər. Çeynəmə prosesi isə bədənlərinin başqa bir hissəsində, mədələrində həyata keçir. Mədələri iki kameralıdır. Ön kamerada qidaları kimyəvi olaraq həzm etməyə xidmət edən fermentlər ifraz olunur. Arxa kamerada isə həzm fiziki olaraq reallaşır. Bu hissə qursaqdır. Qursağın divarları qalın və əzələlidir. Əzələlər ritmik olaraq sıxılarkən, divarlar bir-biri ilə toqquşur və ön kameradan ifraz olunan həzm şirəsinin də köməyi ilə qidalar üyüdülür. Hər quşda belə üyütmə sistemi mövcuddur. Lakin toxumyeyənlər, xüsusilə də toxumların sərt qabıqlarını qıra bilmək üçün elə güclü həzmetmə sisteminə ehtiyac duyurlar ki, bu sistemin daha da səmərəli şəkildə çalışması üçün qursaqlarını çınqılla doldururlar. Bu, Allah'ın hər canlını özü üçün ən uyğun xüsusiyyətlərlə yaratdığının dəlillərindən yalnız biridir.
Ən uzunqanadlı quş: albatros
Albatroslar açıq dənizlərdə yaşayırlar. Küləyə qarşı qanadlarını tamamilə açaraq havada dayanmaq albatrosun uçması üçün kifayət edir. Bir dəfə qanadlandıqdan sonra artan isti hava axınlarından istifadə edərək, demək olar ki, heç qanad çırpmadan yüksəkliyə doğru qalxa bilirlər. Quş qanadlarını mümkün qədər geniş açaraq bu şəkildə uça bilir. Bu zaman albatrosun qanadlarının genişliyi "3.5 m-ə" çatır ki, bu, quşlar arasında ən geniş qanad uzunluğudur. Albatrosların qanad sümüklərində qanadlarını açıq vəziyyətdə saxlamağa kömək edən bir növ qıfıl sistemi mövcuddur. Belə ki, günlərlə, həftələrlə, hətta aylarla minimum enerji istifadə edərək fasiləsiz uça bilirlər. Albatros yüksələn dalğalar və külək vasitəsilə onlarla eyni istiqamətdə irəliləyir və küləyin içindən ziqzaqlar şəklində bir dalğanın zirvəsindən digərinə keçir. Bu şəkildə qanad çırpmadan saatlarla su üstündə uça bilirlər.
Kərkəslərin qidalanma üsulu
Kərkəslər heyvanların ətindən daha çox sümüklərinə üstünlük verirlər. Bu sümüklərdə ilik olur və ilik qida baxımından çox zəngindir. Kərkəslərin iliyi çıxara bilməsi üçün sümüyü qırmağa xüsusi alətləri yoxdur. Lakin bu problemi başqa cür həll edirlər. Sümüyü götürür və çılpaq bir qayanın zirvəsinə doğru uçurlar. Sonra sümüyü aşağı tullayırlar. Bu prosesi sümük bölünənə qədər ən az 50 dəfə təkrarlayırlar. Sonra da bu sümük parçasını götürüb udurlar. Kərkəslərin mədəsindəki həzm turşuları elə güclüdür ki, sümüyün bir ucu hələ kərkəsin ağzındaykən, mədəsinə gedən hissə artıq həzm olunmuş olur.
Qartalların anatomik quruluşu
Qartallar həm qanadlanıb uça biləcək qədər yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşıya biləcək qədər güclü olmalıdırlar. Bir keçəl qartalın 7 mindən çox tükü olur, lakin bütün bu tüklərin ağırlığı təxminən 500 qramdır. Həmçinin bədənlərinin yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində yalnız hava olur. Bir keçəl qartalın skeletinin ağırlığı 272 qramdan bir az çoxdur.
Bütün qartalların gözlərində "niktitant pərdə" adlı əlavə bir pərdə var. Bu qapaq gözləri təmizləməyə və qorumağa xidmət edir. Məsələn, qartallar balalarını bəsləyərkən göz qapaqlarını bağlı saxlayırlar. Bu, balaların səhvən valideynlərinin gözlərinə zərər verməsinə mane olur.
Su quşlarındakı ana şəfqəti
Grebe adlı su quşu balalarını kürəyində daşıyır. Ana quş balaları üstündən düşməsin deyə qanadlarını ehmalca yuxarıya doğru qaldırır və başını yana doğru uzadaraq dimdiyində tutduğu qida ilə balalarını bəsləyir. Lakin balalarına ilk olaraq əsl qida vermək əvəzinə, su səthindən yığdığı və ya sinəsindən qopardığı tükləri yedirir. Bunun səbəbi, balıqların iti qılçıqlarının və ya böcəklərin sərt hissələrinin balaların mədəsindən keçərkən bağırsaqların incə divarlarına zərər verməsinin qarşısını almaqdır. Bu tük yemə prosesi quşun həyatı boyu davam edir. Lakin bu quşun həyatının ilk dövrü üçün olduqca əhəmiyyətlidir.
Skimmerlərin ovlama üsulu
Skimmerlərin (qaranquşa bənzər quş) qeyri-adi ovlama üsulları var. Skimmerin alt çənəsi üst çənəsindən iki dəfə böyükdür. Suya yaxın səviyyədə uçur və uzun alt çənəsini suya salaraq ov edir. Dimdiyin ucuna bir cisim dəydikdə dərhal üst çənəsini də bağlayaraq ovunu tutur. Ovlayarkən bəzən suda üzən sərt cisimləri də tutur. Amma bu sərt cisimlər ağzında ikən dimdiyini birdən bağlaması ilə əmələ gələn şok quşa heç bir zərər vermir. Çünki skimmerin başında və boynunda şok əmici güclü əzələlər var. Skimmer nadir hallarda ilk dəfədən ovunu əldə edə bilir. İkinci hücum üçün quş yenidən qanadlanır və daha əvvəl gördüyü ovuna tərəf uçur. Su səthində hələ də qabarcıqlar var və bu qabarcıqlar adətən balıqları cəlb edir. Bu artıq skimmerin ikinci hücumudur və bu dəfə ovunu əldə etməkdə müvəffəqiyyətli olur.
Bayquşların həssas qulaqları
Bayquşların qulaqları səsə qarşı çox həssasdır, qulaq seyvanları insanlardakından daha genişdir. Sağ tərəfdən gələn səsi yalnız sağ qulaq eşidir. Həmçinin qulaqları başlarında simmetrik şəkildə yerləşmir. Biri digərindən daha yüksəkdədir. Beləcə, bayquşlar səsləri super-stereo olaraq dinləyir və səs çıxaran canlını görməsələr belə onun harada olduğunu dəqiq təsbit edə bilirlər. Bu, ovun çətin tapıldığı qarlı havalarda çox böyük üstünlükdür.
Başmaq dimdikli leyləklər
Başmaq dimdikli leyləklərin taxta ayaqqabıya bənzəyən dimdikləri var. Fərqli görünüşdə olan bu dimdiklərin quruluşu ov etmək üçün çox münasibdir. Leyləklər tapdığı qurbağaları dimdikləri vasitəsilə kürəklə çıxarırmış kimi tuturlar.
Erkək leylək dişi leyləklə bir yerdə olduqda dimdiklərini taqqıldadıb, qanad çırparaq rəqs edir. Erkək leylək bu rəqsi edərək dişinin diqqətini çəkməyə çalışır.