Uçan ilanların sirri açıldı

Allah varUçmaqdan bəhs etdikdə çox vaxt ağlımıza quşlar gəlir. Halbuki, yer üzündə uçan canlılar təkcə quşlar deyil. Asiya torpaqlarında yaşayan chrysopelea paradisi (uçan cənnət ilanı) növünə aid ilanlar da bir növ uçurlar. 20-40 metrlik məsafəni havada süzərək qət edən bu canlıları araşdırdıqda qarşımıza çox böyük yaradılış möcüzəsi çıxır. Çikaqo Universitetinin bioloqlarından Ceyk Soça (Jake Socha) Sinqapurdakı bir zooparkda bu ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Böyüklərinin uzunluğu 1 metrə çatan uçan ilanların uçuş qabiliyyətinin aerodinamikası əvvəllər elmə məlum deyildi. Quşlardan başqa, sincab və kərtənkələ kimi quruda yaşayan bəzi canlıların və bəzi balıqların müəyyən qısa məsafələri uçaraq, yəni havada süzərək qət etdikləri bilinir. Bu canlıların uçması, həqiqətən, çox maraqlıdır. Ancaq chrysopelea paradisi ilanının uçuşu daha fərqlidir. Bu akrobatik ilan havada süzərkən dəstək aldığı qanad, pərdəli pəncə və s. kimi heç bir çıxıntısı yoxdur. Bu canlının aerodinamika yaxud biomexanika ilə əlaqədar fiziki qanunları bilmədən belə təhlükəli hərəkətə cəhd etməsi insanı heyrətə salır.

Soça bu təəccüblü vəziyyəti belə açıqlayır: "İstər təbiətdə yaşayan bir canlı olsun, istərsə də insanın istehsal etdiyi bir maşın olsun, bu ilan kimi uçan bir şey yoxdur, çünki irəliyə gedərkən, eyni zamanda, fərqli istiqamətə də hərəkət edir". ("Nature" 418, 603-604 (8 avqust 2002)

Qanadsız ilanların sirri

Bəs heç bir çıxıntısı olmayan uzun bir silindr havada necə asılı qalaraq hərəkət edə bilir? Necə olur ki, istədiyi istiqamətə doğru manevr etməyi bacarır? Havada tərs hərəkət nəticəsində niyə müvazinətini itirib yerə düşmür?

Bu sualların cavabını araşdıran Ceyk Soça qanadsız ilanların sirrini rəqəmsal kameralar və peyk fotoşəkillərini dəyərləndirən bir kompyuter proqramı sayəsində üzə çıxardı və bu kəşfini İngiltərənin məşhur "Nature" elmi jurnalında nəşr etdi. Jurnalın 8 avqust 2002-ci il sayında dərc olunmuş "Chrysopelea paradisi ilanlarının süzərək uçmasının kinematikası" başlıqlı məqalədə ilanın uçması belə təsvir olunur:

İlan havaya qalxmazdan əvvəl bir budaqdan aşağıya sallanır. Bu an bədəni J formasında olur. Birdən yuxarıya doğru atılan ilan bu şəkildə budaqdan qopur. Bədənini düzləşdirməklə yanaşı, başından quyruğuna qədər bütün bədənini yastılaşdırır. Bu yastılaşma kobra ilanlarının boynunu yastılaşdırmasına bənzəyir. Bu şəkildə, ilanın bədənin səthi təxminən iki dəfə genişlənir.

İlan sürətini artırdıqca başını və quyruğunun ucunu ortaya doğru qaldırır və S şəklində dalğalanır. İlanın bu hərəkəti stolun üstündəki bir qamçının bir ucundan digər ucuna dalğalanmasına bənzəyir.

Dalğalanaraq uçmaq

Bu ilanın necə manevr etməsini Soça belə izah edir: "Uçan canlıların əksəriyyəti bir növ söykənmə texnikasından istifadə edirlər. İlan isə uçma prosesini dalğalanaraq həyata keçirir". Quşlar və uçan sincablar bədənlərini müəyyən tərəfə söykəyərək havada manevr edə bilirlər. İlan isə sola və ya sağa söykənsə də, silindrvarı quruluşu dəyişməyəcəyinə görə bu metod fayda vermir. Lakin manevrdə dalğalanma texnikasından istifadə edən ilan havada çox çevikdir. Chrysopelea paradisi ilanının manevr qabiliyyəti o qədər üstündür ki, havada istiqamətini birdən 90 dərəcəyə qədər dəyişdirə bilir. Tədqiqatda ilanın bir ağacla toqquşmamaq üçün havada asanlıqla istiqamətini dəyişdirdiyi müşahidə edilmişdir.

Təyyarə gəmisindən üfüqi istiqamətdə hərəkət edən reaktiv təyyarə pilotu üçün qısa qalxma anında göstərəcəyi bacarıq çox mühümdür. Əgər pilot kifayət qədər sürətlənə bilməsə və təyyarənin burnu ilə qanadlarındakı çırpıntıları nizamlaya bilməsə, dərhal suya düşər. İlanın havaya qalxması da buna bənzəyir. İlanın havaya qalxma anında özünü sürətlə irəliyə itələməsi 0.1 saniyədən də az müddətdə olur. Məhz bu qısa müddətdə bədənini də dərhal yastılaşdırmalıdır. Əks təqdirdə, yerə düşər. Bu hərəkətin biomexanikası, yəni bədən hissələrinin bir-birləri ilə hansı qanunlarla uyğunlaşıb hərəkət etməsi hələlik alimlərə məlum deyil.

Uçan ilanların uçuş mexanizmi bir dizayn möcüzəsidir

Allah var İlanın havada olduqda bir qrup əzələ ilanın bədənini yastılaşdırır, başqa əzələ qrupu isə ilanın havada S şəklində dalğalanmasını tənzimləyir. Bu iki əzələ qrupunun bir-birinə uyğun işləməsi ilan üçün həyati əhəmiyyət daşıyır. Bu əzələlərin dartılmasını isə sinir hüceyrələrindən gələn impulslar təmin edir. Sinir hüceyrələrindən bu əzələlərə hər an çoxlu sayda əmr göndərilir. Bu əmrlərin hər birində, məsələn, saniyədə yüz əmr alan bir əzələnin aldığı 100 əmrdə də gərilmə şiddəti ehtiyaca görə anbaan hesablanaraq ötürülür. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə birtərəfli xəbərləşmə kifayət deyil. İlanın əzələlərindən gələn impulslar da sinir hüceyrələrinə göndərilərək möcüzəvi idarə mexanizmi həyata keçirilir.

On minlərlə sinir və əzələ hüceyrəsi arasında fasiləsiz davam edən bu mexanizm olmasaydı, ilanın bəzi əzələləri gərildiyi halda, bəzi hissələri gərilməz, nəticədə, ilan sürətlə yerə düşərdi. Soça 6 il Sinqapur zooparkındakı 10 metrlik qüllədən (3 mərtəbəli bina hündürlüyündə) tullanan ilanları müşahidə etmiş, heç bir ilanın yaralanmadığını bildirmişdir. Sözsüz ki, ilanların belə uzun məsafəni heç yaralanmadan uçması bədənlərindəki qeyri-adi əzələ quruluşundan qaynaqlanır. Ancaq unutmaq olmaz ki, bu cür kompleks əzələ quruluşu öz-özünə, təsadüfən əmələ gələn mexanizm deyil. Şübhəsiz ki, chrysopelea paradisi ilanının bu dizaynını uca Rəbbimiz yaratmışdır.