Quşlardakı möcüzəvi xüsusiyyətlər
Quşların şüurlu davranışlarını öz beyinləri ilə düşünüb hazırladıqları və malik olduqları fiziki xüsusiyyətləri öz-özlərinə planlayıb bədənlərinə yerləşdirdikləri fikrini irəli sürmək çox məntiqsizdir. Həqiqət isə Allah'ın quşları və bütün canlıları yoxdan var etdiyi və hər şeyin ancaq Onun əmri ilə hərəkət etdiyidir.
Allah yaratdığı bütün canlılara bir-birindən fərqli xüsusiyyətlər vermişdir. Bu xüsusiyyətlərlə canlıların həyatlarını davam etdirə bilmələri üçün yaşadığı mühitə uyğun olmaları bir anda yaradıldıqlarını sübut edir. Bu mövzuda quşlar gözəl nümunədir. Quşlar arasında minlərlə fərqli növdə çoxalma, yuva qurma, ovlanma və qidalanma formaları var.
Burada isə minlərlə quş növündən yalnız bir neçəsinin bəzi maraqlı xüsusiyyətlərindən danışacağıq. Bunlardan yalnız birini müşahidə etmək belə Allah'ın sonsuz gücünü görmək üçün kifayət edəcək. Allah bir ayəsində bütün varlıqların sahibinin Özü olduğunu belə bildirir:
"Göylərdə və yerdə olanlar Onundur; hamısı Ona 'könüldən boyun əymişdirlər." (Rum surəsi, 26)
Fırtına quşları
Uzun qanadlı dəniz quşu olan fırtına quşları hər il Antarktidanın çox uzaq adalarında balaladıqdan sonra ekvatorun şimalına doğru uçaraq Gulf Stream cərəyanının başladığı bölgəyə çatırlar. Aprel ayının ortalarında Şimali Atlantik okeanındakı ən uzaq sahilə çatırlar. Bu zaman sular da isinmiş olur. Beləcə, fırtına quşları bir tərəfdən Antraktidanın sərt qışından qaçarkən, bir tərəfdən də həm Şimal, həm Cənub yarımkürələrində ilin ən isti vaxtlarından faydalanırlar.
Bu fırtına quşlarının ildə iki dəfə 16.000 km qədər uçmaları deməkdir. Bununla yanaşı, səfərləri boyu fırtına quşları okean səthini həm istirahət etmə sahəsi, həm də qida mənbəyi olaraq istifadə etdikləri üçün balalama vaxtından başqa quruya, demək olar ki, heç enmirlər. Kiçik, lakin qüvvətli olan ayaqlarını qanad və kürək kimi istifadə edərək küləyə və suya qarşı özlərini müdafiə edirlər.
Alaqarğa
Alaqarğa yemək üçün yığdığı palıd qozalarını bir-bir torpağa basdırır. Əvvəl bir dəlik qazır, palıd qozasını içinə qoyur və daha sonra digər heyvanların bunu görməməsi üçün dəliyin üstünü örtür. Bu yerləri daha sonra yenidən tapa bilmək üçün diqqətli şəkildə işarə qoyur. Müəyyən ağaclar, aşmış kötüklər, qaya parçaları kimi yerləri işarə olaraq istifadə edir. Hətta bəzən buralara kiçik daş parçaları daşıyaraq ətrafına işarə qoyur. Bir çox quş toxumlarını bu üsulla saxlayırlar. Bəzi növlərin gündə mindən çox toxum yığdığı qeyd olunmuşdur. Qozqıranlar bir mövsümdə 100.000 qədər yüksək miqdarda toxum yığırlar. Aparılan təcrübələr quşun 9 ay sonra toxumu basdırdığı yeri tapdığını göstərmişdir. Yaxşı yaddaşı olmağına baxmayaraq, bu quşların basdırdığı palıd qozalarını unutduqları yerlər də var. Belə olması da əslində yaxşı nəticə doğurur. Çünki unudulan toxumlar palıd zoğlarının yenidən cücərərək torpaqdan çıxmasını təmin edir.
Dəvəquşular
Dəvəquşuların maraqlı bir kürt yatma sistemi var. Sürü şəklində yaşayan dəvəquşular yumurtalarını ortaq bir yuvaya qoyur. Heç bir xüsusiyyəti olmayan, yalnız dayaz bir çuxur olan bu yuvada hər biri 1.5 kq olan 40-a qədər yumurta olur. Yumurtaların hamısını qorumaq vəzifəsi tək bir dişi dəvəquşuna aiddir. Kürtə yatan dişiyə bir erkək quş kömək edir. Ancaq dişi quş yalnız 20-ə qədər yumurtanın üzərində yata bilir. Buna görə də, yumurtaların çoxunu yuvanın xaricinə itələyir. Müşahidələr nəticəsində dəvəquşuların bu itələmə prosesini təsadüfi etmədikləri aşkarlanmışdır.
Dəvəquşu öz yumurtalarını kürtə yatacağı yumurtaların arasına yerləşdirərkən, başqa dişilərə aid olan yumurtaları isə kənara atır. Bu ayrı-seçkiliyi dəvəquşunun necə etdiyini tapa bilmək üçün elm adamları yumurtalara nömrələr vermişlər. Yumurtaların yerini dəyişdirərək, köhnə və yeni yumurtalar qarışdırılaraq edilən bütün təcrübələrdə nəticənin dəyişmədiyi görünmüşdür. Elm adamlarının gəldikləri nəticə dəvəquşuların yumurtalarını səthlərindəki dəliklərin sayəsində tanıdıqları olmuşdur.br>
Bütün yumurtaların qabıqlarında balaların nəfəs almasına imkan verən kiçik "hava dəlikləri" var. Bu dəliklərin qabıq üzərindəki yerləri hər yumurtada bir az fərqlidir. Məhz bu dəliklər sayəsində dəvəquşuların yumurtalar arasında ayrı-seçkilik edə bildiyi düşünülür.
Arı yeyən quşlar
Təxminən 40 qram ağırlığında olan quşlar üçün böyük tropik bir arının iynəsi ölümcül ola bilər. Halbuki, bəzi quşlar arı yeyərək qidalanırlar. Arı yeyən quşlar arının zəhərli təsirinin öhdəsindən iki yolla gəlirlər. Onların arının qüvvətli iynəsinə qarşı müəyyən bir həddə qədər immunitetləri var. Eyni zamanda, bu quşlar təhlükəli növlərlə təhlükəsiz olanlar arasındakı fərqi ayırd edə bilir və arıların sancan növləri ilə də çox nadir olaraq maraqlanırlar.
Arını tutan quş əvvəlcə böcəyi dimdiyinin ucunda silkələyir, möhkəm tutacaq şəkildə özünü nizamlayır və sonra arxaya doğru böcəyi sərt şəkildə vurur. Daha sonra arının bədəninin arxa hissəsini nahamar ağac qabığına sürtür. Bunun nəticəsində iti iynə və ona bağlı zəhərli kisələr qopub ayrılır. Bütün bu proseslərdən sonra quş arının zəhərinin yox olduğu qənaətinə gəldikdə arını bütöv udur. Bir quşun arının zəhərini necə təsirsiz hala gətirəcəyini öz-özünə tapması mümkündürmü? Bəs bu zəhərə qarşı immunitet qazanmağı təmin edən maddəni bədənində öz-özünə meydana gətirməsi mümkündürmü? (Harun Yəhya, Allah'ın Yaratdığı Gözəlliklərdən -4)
Əlbəttə ki, bunları bir quşun özbaşına bilməsi mümkün deyil. Quşun arını ovlamasındakı planın üstün bir ağılın məhsulu olduğu qəti həqiqətdir. Quşa bütün bunları Rəhman və Rəhim olan Allah ilham edir.
Bu nümunələrdə düşünülməsi lazım olan bir məqam var. Quşların bu şüurlu davranışlarını öz beyinləri ilə düşünüb hazırladıqlarını və sahib olduqları fiziki xüsusiyyətləri öz-özlərinə planlayıb bədənlərinə yerləşdirdiklərini irəli sürmək çox məntiqsiz bir iddiadır.
Allah quşları və bütün canlıları yoxdan var etmişdir və hər şey ancaq Onun əmri ilə hərəkət edir. Allah bir ayəsində belə buyurur:
"Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.." (Talaq surəsi, 12)