Kor termitlərin gizli dünyası
Milyonlarla insanın bir yerdə yaşaması hər zaman bir çox problemi də özü ilə birlikdə gətirib. Məsələn, arxitektura, nəqliyyat, xəbərləşmə, qida qaynaqları kimi bir çox mövzuda müxtəlif problemlər yaşanmışdır. Əlbəttə ki, bu problemlərə zamanla müxtəlif həll yolları tapılmış, bunlardan bəziləri inkişaf etdirilərək rifah səviyyəsi artırılmağa çalışılmışdır. Ancaq problemlər heç bir zaman kökündən həll edilə bilməmişdir.
İnsan yer üzündə düşünə bilən, düşündüklərindən nəticə çıxara bilən, təfəkkür edə bilən, şüur sahibi yeganə canlıdır. Bu səbəbdən insanın plan qurması, irəlini görərək həyatı asanlaşdıran vasitələr yaratması, dəyişən ehtiyaclarla bağlı həll yollarını axtarması, bunları tətbiq etməsi çox təbiidir. Ancaq insanların etdiklərinin oxşarını, hətta daha üstününü heyvanların edə bilməsi, əlbəttə ki, üzərində düşünməyi tələb edir. Ağılı, şüuru, hətta çox vaxt beyni belə olmayan canlıların insanların əsrlər boyu inkişaf etdirdikləri texnologiya ilə müqayisə edilə bilən, hətta bir çox yöndən üstün olan quruluşlar inşa etmələri, təşkilatlanmaları düşündürücüdür.
Termitlərin həyatlarındakı nizamı müqayisə ilə daha yaxşı ifadə etmək mümkündür. Termitlərin ictimai təşkilatlanma formaları arılarınkından daha kompleks, qarışqalarınkından daha mütəşəkkil, insanların ictimai həyatındakı sistemlərin çoxundan daha yığcam və problemsizdir.
Termitlərin yuva qurmalarından ünsiyyət üsullarına və müdafiələrinə qədər koloniya içindəki hər davranışlarında ağıl, hesablama, plan və şüur vardır. Hesablama və plan ancaq təhsil alınması, yəni məlumat sahibi olunması ilə qazanılan, ağıl tələb edən xüsusiyyətlərdir. Bu vəziyyət bizə termitlərin informasiya alaraq hərəkət etdiklərini göstərir. Bəs hər termitin doğulan kimi nə edəcəyini bilərcəsinə hərəkət etməsini təmin edən bu məlumata termitlər necə sahib olublar? Termitlərin göstərdikləri şüurlu davranışların qaynağı nədir? Termit kimi kor həşəratın insanlara xas xüsusiyyətlərə malik olması necə açıqlana bilər?
Bu sualların cavabı termitlərin həyatlarından verilən nümunələrlə ortaya çıxacaq.
Termit şəhərləri
Tropik bölgələrə getsəniz, əvvəllər heç bir yerdə görmədiyiniz canlılara və öyrəşmədiyiniz mənzərələrə rast gələrsiniz. Məsələn: bu bölgədəki kimsəsiz ərazilərdə mənzərənin təbii bir hissəsi kimi görünən qayalarla qarşılaşa bilərsiniz.
Yüksəkliyi 4-5 metrə çatan və bəzən bir neçəsi bir yerdə olan bu miniatür şəhərlər əslində termit yuvalarıdır. Əhalisi bəzən bir milyonu keçən termit şəhərlərində qısa araşdirmanın aparılması yuvalardakı ümumi nizamın qüsursuzluğunun görünməsi üçün kifayət edəcək.
Bu miniatür şəhərlərdəki dizaynlar mütəmadi dəyişən iqlim şərtlərinə uyğunlaşdırılaraq tikilmişdir. Həmçinin şəhərdə yaşayan termitlərin bütün ehtiyaclarını öz içlərində qarşılaya biləcəkləri, çöldən alış-verişə ehtiyac duymayacaqları tənzimləmə sistemləri var. Qüsursuz ventilyasiya sistemi, ehtiyaca görə təşkil edilmiş hissələr (uşaq otaqları, kürt və kraliça otağı və s.), əkinçilik sahələri termit yuvalarındakı nizamın hissələrindəndir.
Milyonlarla termitin birlikdə yaşadığı termit yuvalarında xüsusi nizam var. Hər yönü ilə qüsursuz olan bu nizam yuvadakı hər fərdin üzərinə düşən vəzifəni yerinə yetirərkən göstərdiyi həssaslığın bir məhsuludur. Bir yerdə yaşayan digər canlılarda olduğu kimi termitlər daim bir-birlərilə köməkləşirlər. Müdafiə etmə, ünsiyyət, qida tapma kimi bir çox sahədə mükəmməl həmrəylik nümayiş etdirirlər. (Harun Yəhya, Termit Möcüzəsi)
İnsanlarla termitlər müqayisə edildikdə, bu canlıların yaşadığı rahat həyatın və heyrətamiz nizamın öz-özünə əmələ gəlməsinin qeyri-mümkün olduğunu anlayırıq. Müxtəlif nümunələrin verilməsindəki məqsəd düşünməyi təşviq etməkdir. Lakin burada nəzərdə tutulan səthi düşünmək deyil, bu canlıların etdikləri fövqəladə işləri və qurduqları nizamlı ictimai həyatı "necə" və "niyə" sualları verərək düşünməkdir.
İnsan gün ərzində bir çox mövzu haqqında düşünür. İşi ilə, məktəbi ilə əlaqədar, iş yerindəki və ya sinif yoldaşları, ailəsi və ya özü ilə bağlı bir çox mövzu haqqında gün boyu düşünür. Oxuduğu kitabdakı, ya da televiziyada gördüyü bir canlı haqqında düşünür. Bütün bunlar insanın zehnini məşğul edir. Amma əsl əhəmiyyətli olan gərəyi kimi faydalı şəkildə düşünməkdir. Suallar verib bu sualların cavablarını tapmağa çalışaraq düşünmək lazımdır. Allah Qurandakı bir çox ayədə insanın ətrafındakı varlıqlar, hadisələr və iman dəlilləri üzərində düşünməsinin əhəmiyyətinə diqqət çəkmişdir:
"Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhimdir (bağışlayan və əsirgəyəndir). Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün ard-arda gəlişində, insanlara faydalı şeylər ilə dənizdə üzən gəmilərdə, Allah'ın yağdırdığı və özüylə yer üzünü ölümündən sonra diriltdiyi suda, hər canlını orada çıxarıb-yaymasında, küləkləri əsdirməsində, göylə yer arasında ram edilmiş buludlarda düşünən bir birlik üçün həqiqətən ayələr vardır." (Bəqərə surəsi, 163-164)