Dad alma sistemindəki möhtəşəm dizayn
Dad alma sistemindəki bir çox detaldan yalnız biri dəyişsəydi, məsələn, dad hüceyrələri dilin üzərində və yan tərəflərində deyil, altında olsaydı, nə olardı? Cavab açıqdır, dad alma da böyük ölçüdə itərdi.
İnsan bədəninin həyati funksiyalarının davam etməsi üçün yeməyə və içməyə ehtiyacı var. Beləcə, trilyonlarla hüceyrəmizin əməliyyat edə bilməsi üçün lazım olan enerjini təmin edirik. Yemək yeyərkən, əslində səhhətimizə birbaşa təsir edəcək qərarları da alırıq. Nəyi yeməli, nəyi yeməməli olduğumuzu bilirik. Hansı qidaların qidalandırıcı və yeyilə bilən olduğunu, hansılarının qida dəyəri daşımadığını, hansılarının zərərli ola biləcəyini anlayırıq. Pis dadını hiss etdiyimiz çürümüş və ya xarab olmuş qidaları zibilə atırıq.
Turşluq nisbətinə baxaraq, yetişmiş bir meyvəni kal olanından ayırd edirik. Turşulu birləşmələri turş dadlarından, zəhərli maddələri də acı dadlarından tanıyırıq. Bədənimizin daxilindəki şərtləri sabit tutmaq üçün lazımi mineral duzları və mayeləri, hüceyrələrimizdəki zülal sintezində istifadə edilən amin turşularını, enerji ehtiyacımızı qarşılayacaq karbohidrat və lipidləri, əldə edə biləcəyimiz qidaları asanlıqla seçə bilirik. Bundan əlavə, nəyi nə vaxt yeməli, nə vaxt yeməməli olduğumuzu da bilirik. Özümüzü halsız hiss etdiyimiz dövrlərdə vitamin, mineral və şəkər nisbəti yüksək olan qidaları seçirik. Təzyiqimiz düşdükdə duzlu qidalar qəbul edir, yüksəldikdə isə duzlu yemək və içkilərdən imtina edirik.
Biz bunların hamısını edə bilməyimizə imkan yaradan möcüzəvi bir sistemə, dad alma duyğusuna sahibik. Dad alma sistemimiz, zülalları, ionları, kompleks molekulları və bir çox kimyəvi birləşmələri analiz edir, ömür boyu istirahət etmədən bizim üçün işləyir.
Üstəlik gündəlik qida ehtiyaclarımızı qarşılayarkən, yeməklərin, içkilərin, meyvələrin, tortların bənzərsiz dadlarından böyük bir zövq alırıq. Bugünə qədər daddığınız hamısı bir-birindən ləziz yeməkləri və içkiləri gözünüzün önünə gətirməyə çalışın: Susuzluğunuzu aradan qaldırmaq üçün içdiyiniz limonad və ya meyvə suları, yayın istisində yediyiniz qovun ya da qarpız, manqalda bişirilən kabab, meyvəli və ya şokoladlı dondurma, börək, çiyələkli tort, plov, bal…
Bu gözəllikləri, sonsuz ehsan sahibi olan Rəbbimizin xidmətimizə verdiyi dad alma mexanizmi sayəsində hiss edirik. İndi bu bənzərsiz sistemi daha yaxından araşdıracaq və necə üstün bir yaradılış əsəri olduğuna şahid olacağıq.
Dildəki qüsursuz təşkilat
Bir yemək kitabına nəzər salın, içində minlərlə tərif olduğunu görürsünüz. Dünyada 20.000 yeyilə bilən bitki növü olduğu təxmin edilir. Həqiqətən də bərk və maye qidaların müxtəlifliyi diqqətçəkicidir. Ancaq bütün bu müxtəlifliyə baxmayaraq, fərqli dadları bir-birindən ayırd etmək bizim üçün olduqca asandır. Nümunə olaraq, gözlərimiz bağlı belə olsa, qaynadılmış toyuq əti ilə qızardılmış toyuq əti arasındakı fərqi dərhal hiss edirik. Toyuq əti ilə hazırlanmış onlarla fərqli yeməyi heç bir çətinlik çəkmədən anlayırıq. Bunun sirri dad alma orqanımız olan dilimizdəki sistemdə gizlidir.
Dil, kompleks kimyəvi analizlər edən bir laboratoriyaya bənzədilə bilər. Çünki yediyimiz və ya içdiyimiz hər qida bir çox fərqli dad molekulundan meydana gəlir. Hər hansı bir qab yeməkdə yüzlərlə və ya minlərlə ayrı kimyəvi maddə var. David Schaeppi`yə görə dad və qoxunu meydana gətirən kimyəvi maddələrin sayı bananda 225, çiyələkdə 350-dir. Bəlkə də ilk dəfə eşitdiyiniz bu məlumatın mənası çox aydındır: Dil deyilən möcüzəvi laboratoriya kimyəvi quruluşları, fərqli saysız molekulu heyrət doğuran bir dəqiqliklə təhlil edir.
Bəs belə "bacarıqlı" olan dilimiz necə bir dizayna malikdir?
Dilimizdə çox sayda sinir lifi var. Bu dizayn onun hər yöndə rahatlıqla hərəkət edə bilməsinə imkan yaradır. Belə ki, dilimiz barmaqlarımızdan dörd dəfə hərəkətlidir. Danışarkən, qidaları çeynəyərkən və udarkən, dilimiz mühüm vəzifələr yerinə yetirir. Ağıza alınan qidalar tüpürcək vəzilərinin sekresiyaları ilə isladılır və yumşadılır, daha sonra da udlağa doğru itələnir. Elə bu anda dilimizdəki dad alıcı hüceyrələr də fəaliyyət halındadır. Bu fəaliyyəti anlaya bilmək üçün, əvvəlcə dilin dərinliklərindəki tənzimləməni tanımalıyıq. (Harun Yəhya, Qoxu və Dad Möcüzəsi)
Dad alıcı hüceyrələr dad alma mövzusunda mütəxəssisləşmiş hüceyrələrdir, yalnız dildə və ağızın müəyyən bölgələrində yerləşir. Dildəki dad hüceyrələri "dad tumurcuğu" adlanan soğana bənzər quruluşda bir yerə toplanmışlar. Dad tumurcuqları da "papilla" adlandırılan quruluşun içindədir. Papillalar dilə nahamar bir görünüş verən kiçik çıxıntılardır, dilin üst səthində və yanlarında yerləşirlər. Dörd növ papilla var və bunlar dilin fərqli bölgələrinə dağılmış vəziyyətdədir. Bunlar içərisində ən çox diqqət çəkənlər dilin ön hissəsində olan məsaməli papillalardır, xüsusilə süd içdikdən sonra daha çox görünürlər. Digərlərinə görə daha böyük və daha az sayda olanlar çanaqşəkilli papillalardır, dilin arxasında tərs bir V hərfi formasında düzülmüşlər. Yarpaq şəkilli papillalar isə dilin arxa tərəfindədir. Məsaməli, çanaq və yarpaq şəkilli papillalar dad tumurcuqlarını saxlayırlar. Dad tumurcuğu ehtiva etməyən və sayca ən çox olanlar isə lifli papillalardır, demək olar ki, dilin bütün səthini əhatə edirlər. Lifli papillalar toxunma duyğusu ilə bağlı funksiyaları realllaşdırırlar.
Mikroskop altında araşdırıldıqda, dildə ilk gözə dəyən, quruluş tənzimləməsinin varlığı olacaq. Ən kiçikdən ən böyüyə doğru sıralama bu şəkildədir: Dad hüceyrəsi, dad tumurcuğu və papilla. Dildə cəmi 10.000 dad tumurcuğu var. Hər dad tumurcuğunda sayı 50 ilə 100 arasında dəyişən dad hüceyrələri yerləşir. Bu say yaradılışdakı tarazlığı göstərməsi baxımından əhəmiyyətlidir. Çünki dad hüceyrələri və tumurcuqlarının sayca normaldan az olması dad alma qabiliyyətini azaldır, hətta itir, normaldan çox olmasında isə vərdiş olunmuş dadlar həddindən artıq şirin və ya acı şəkildə qəbul edilir.
Bütün bunlar bizi tək bir həqiqətə aparır. Allah'ın hər şeyi mükəmməl bir nizam içində qüsursuz olaraq yaratdığı həqiqətinə...
"Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır." (Rəd surəsi, 4)