Danışma möcüzəsi
Hər insan müəyyən bir yaşa gələndə danışmağa başlayır. Təxminən eyni yaşlarda danışmağa başlandığı üçün bu vəziyyət çox təbii görünür. Bu səbəbdən, danışmaq çox adi bir şeymiş kimi qəbul edilib, üzərində çox düşünülmür. Halbuki, danışmağı heç bilməyən bir adamın birdən-birə danışmağa başlaması çox fövqəladə bir vəziyyətdir. Dil haqqındakı tədqiqatları ilə məşhur olan ABŞ-lı dilçi Prof. Steven Pinker "danışma bizə o qədər təbii gəlir ki, onun nə qədər maraqlı və möcüzəvi bir hədiyyə olduğunu unutmaq asandır" deyərək dilin əhəmiyyətinə diqqət çəkmişdir. (S. Pinker, Words and Rules, Basic Books, 1999, s. 1)
Əlbəttə, uşağın hələ heç bir şey bilməzkən danışmağa başlaması çox böyük bir möcüzədir. Çünki heç bir dil sadə olaraq qəbul edilmir. Ən sadə olaraq bilinən dillər belə malik olduqları sözləri mürəkkəb qrammatika qaydaları ilə istifadə etməyə əsaslanır. Qrammatika qaydaları sözlərə cümlə içində fərqli mənalar qazandıran tamamilə riyazi əlaqələrdir.
Dil haqqında cavabsız qalmağa davam edən sualların sayı olduqca çoxdur. Üç yaşında bir uşaq necə danışmağa başlayır? Bunu ətrafında danışılanları dinləyərəkmi öyrənir? İnsanlara, hələ dil alimlərinin belə tam olaraq anlayıb ortaya qoya bilmədikləri qrammatika qaydalarını kim öyrətmiş ola bilər?
Sözlər necə olur ki, bu qədər mürəkkəb qaydalara uyğun şəkildə ağzımızdan çıxır? Sözlər və cümlələr necə və harada məna qazanır? Niyə 6000 fərqli dil meydana gəlmişdir? Nə üçün yalnız insan danışa bilir, başqa canlılar danışa bilmir? Zehnimizdə nə baş verir ki, bunlar sözlərə və cümlələrə çevrilir?
İnsanın ağzından çıxan hər cümlədə bu mürəkkəb hesablamaların necə reallaşdığı açıqlana bilmir. Danışmanın öyrənməklə qazanılmadığı son dərəcə açıqdır. Bizə bildiyimiz minlərlə sözü, o sözlərin meydana gətirdiyi mürəkkəb cümlə quruluşlarını heç kim öyrətmir. Onsuzda öyrətməsi mümkün deyil.
Məsələn, siz danışarkən son dərəcə düz cümlələr qurursunuz, halbuki, qurduğunuz cümlənin altındakı kompleks dil qaydalarını bilmədən, bu detalların fərqində olmadan, hətta bəlkə də çox cümləni həyatınızda ilk dəfə qurduğunuz halda çox təbii və axıcı bir şəkildə danışırsınız. Bu mürəkkəb qrammatika qaydalarını bütün həyatlarını dilləri araşdırmağa həsr etmiş dil alimləri hələ təyin edə bilməmişlər.
Dərhal ifadə edək, cümlə elmi (syntax) olaraq adlandırılan cümlə qaydaları bizə ilk və orta məktəbdə tədris olunandan daha fərqli və mürəkkəbdir. Tanınmış dil alimi Philip Lieberman bu ucsuz-bucaqsız qaydalar cəmi haqqında bunları söyləyir:
"Dil elmi haqqındakı ədəbiyyat, artan araşdırma nəticələri ilə genişləndikcə, fərz edilən qaydaların sayı cümlələrin sayına yaxınlaşır. Qrammatika qaydaları əziyyətverici şəkildə mürəkkəb hala gəlir və sonunda bu səy müvəffəqiyyətsizliklə nəticələnir. Bir dili tamamilə əhatə edə biləcək bir qrammatika indiyə qədər heç ortaya qoyula bilmədi." (Evə Spoke: Human Language and Human Evolution, P. Lieberman, W. W. Norton & Company, 1998, s. 126-128)
Dil qaydalarının sayını cümlələrin sonsuza yaxın sayı ilə müqayisə edən Lieberman, qrammatika qaydalarının sonunda müvəffəqiyyətsizliyə uğradığını, başqa bir ifadə ilə ortaya qoyula bilmədiyini ifadə edir. Halbuki, fərqində olmasa da, 3 yaşında bir uşaq belə bu qaydaları istifadə edərək danışır. Elə bu, gözdən qaçırılmamalı fövqəladə bir vəziyyətdir. İnsan qrammatika qaydalarını bilərək ünsiyyət həyatına başlayır.
Bizə danışmağı ana və ya atalarımızın və ya başqa birinin öyrətmədiyi də çox açıqdır. Bu həqiqəti MIT Universiteti Professoru Steven Pinker belə ifadə edir:
"Bir uşaq prinsip etibarilə sonsuz olan bir dili, ətrafında danışanların məhdud nümunələrindən necə çıxarır? Uşaqlar qətiyyən danışma bacarığını valideynlərindən təsirlənərək, geri yığma (feedback) ilə qazanmırlar. Valideynlər, uşaqlar hər səhv etdiklərində səhvlərini düzəldə bilmirlər və ya hər səhv etdiklərində onları xəbərdar etmirlər. Kiçik uşaqların cümlələri çox vaxt qrammatikaya uyğun deyil. Elə olsa, valideynlərinin onları gün boyu danlamaları lazım idi." (S. Pinker, Words and Rules, Basic Books, 1999, s. 195)
Əlbəttə, açıqlaya bilmədiyimiz amma fərqində belə olmadan bağlı qaldığımız qrammatika qaydalarını bizim inkişaf etdirmədiyimiz də ortadadır. Qrammatika qaydalarını hazır olaraq əldə edir və istifadə edirik. Çox kompleks bir hesablama tələb etdiyi də nəzərə alındıqda danışma qaydaları insanı heyrətə salır. Elə bu səbəbdəndir ki, insan üçün danışma bacarığı hələ tam mənası ilə riyazi bir sirrdir. Bu naməlumluğu Noam Chomsky bu şəkildə ifadə etmişdir:
"Danışmanın meydana gəlməsi ilə əlaqədar olaraq bura qədər heç bir şey söyləmədim. Səbəbi isə deyilə biləcək çox az şey olmasıdır. Xaricdən görünən bir neçə xüsus xaricində, danışmaq böyük ölçüdə bir sirrdir." (Noam Chomsky, Powers and Prospects, s. 16)
Hər insanın rahatlıqla danışmağa başladığı və daha sonra dili qüsursuzca istifadə edə bildiyi nəzərə alındıqda insanın bu hesablardan xəbərsiz olduğu çox açıqdır. Ağzımızdan çıxan cümlələrə biz nəzarət etmiriksə, cümlələri təşkil edən başqa bir gücə ehtiyac olduğu çox açıqdır. İnsana danışmağı, cümlələri necə quracağını ilham edən, bu məlumata sahib olan yaradıcı bir gücün varlığı qətidir. Allah insanlara danışmağı ilham edir və onları danışdırır. Allah diləmədən bir insanın danışa bilməsi mümkün deyil. Danışma bacarığını insana uca Allah vermişdir. Bu elmi həqiqətlər bir Quran ayəsində belə xəbər verilir:
"Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"– deyəcəklər. (Dəriləri) deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz (axırda) Ona qaytarılacaqsınız"." (Fussilət surəsi, 21)
Bildiyimiz fərqli dillər bir-birinə necə qarışmır?
İki dil bilən şəxslərin danışarkən iki dili bir-birinə qarışdırmadıqları hər kəsə məlumdur. Hal-hazırda, inkişaf etmiş texnikalarla aparılan tədqiqatlar beynimizdə fərqli dilləri qarışdırmağımıza mane olan bir filtr nizamı ilə yaradıldığımızı ortaya qoyur. Danışarkən beynin müəyyən bölgələrində yaranan elektrik dəyişikliklərini, funksional Maqnit Rezonans göstərmə (fMRI) texnikası ilə izləyərək, danışma funksiyamız haqqında daha çox şey öyrənirik.
Thomas Munte və yoldaşları bu texnikanı istifadə edərək, ispan və katalan (İspaniyanın şimal şərqində danışılan bir dil) dilini danışan insanlar üzərində bir müşahidə apardı. 28 fevral 2002-ci il tarixli "Nature" jurnalında bu maraqlı işin nəticələrini qiymətləndirən yazar Helen Pearson, iki fərqli dildə danışan şəxslər haqqında "ilk olaraq beyinlərindəki lüğətdən sözləri ayıraraq bir dilin digəri ilə qarışmasına mane olurlar" söyləyir.
Aparılan bu tədqiqat daha əvvəlki düşüncələrin əksinə, iki dilin beynin eyni bölgələrində əməliyyata tabe olduqlarını göstərir. Buna baxmayaraq, bir dilə aid bir söz seçildikdə, digər dilə aid olan və ya uydurma olan hər hansı bir söz deyildiyi, ya da oxudulduğu zaman, beyində sözün mənası axtarılmadan birbaşa tələffüz qaydaları istiqamətində söz dərhal tanınır. Üstəlik bu vəziyyət adamın iradəsi xaricində avtomatik olaraq reallaşır.
Yəni bir dili danışarkən digər dil hələ bilinməyən mexanizmlərlə təzyiqə məruz qalır və qarışıqlığa mane olunur. Danışanlar bir dildən digərinə keçdikdə, o dilə aid olmayan sözləri tanıyan və xaric edən filtrləri də dəyişdirirlər. Eyni yazıda London Universitet Kollecindən bu mövzudakı fəaliyyətləri ilə tanınan David Green "əsl sual bunlara necə nəzarət edildiyidir" deyərək, bu möcüzəvi mövzuya diqqət çəkmişdir.
Şübhəsiz ki, danışa bilməyimizi təmin edən vasitələrlə (ağız, dil, dodaq, səs telləri, sinirlər, beyin...) birlikdə, bizi yaradan Allah on minlərlə sözdən ibarət olan dilləri qarışdırmadan sözlərin axıcı bir şəkildə ağzımızdan çıxmasını da təmin edir. Uca Allah bu həqiqəti Quranda belə bildirir:
"İnsanı yaratdı. Ona danışmağı öyrətdi." (Rəhman surəsi, 3-4)
Xeyir gətirəcək şəkildə danışmaq
Bu kompleks sistem təkamül nəzəriyyəsinin açıqlaya bilmədiyi bənzərsiz dizayn nümunələrindən biridir. Bu sistemin ortaya çıxması təkamülün "təsadüf" iddiası ilə əsla açıqlana bilməz. Əksinə bu sistem bədənimizi bizə bir nemət olaraq verən üstün qüdrət sahibi Rəbbimizin yaratmasındakı mükəmməlliyi bir daha ortaya qoyur.
Ağlınıza gələn düşüncələri Allah'ın sizin üçün yaratdığı bu qüsursuz sistem sayəsində dilə gətirə bildiyinizi əsla unutmayın. Allah'ın ucalığını, böyüklüyünü izah edərək bu neməti xeyir gətirəcək şəkildə istifadə edin.
Möcüzəvi danışma sisteminin funksiyası
Bir şey söyləmək istədiyiniz anda beyninizdən gələn bir silsilə əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beynin danışma mərkəzlərini əhatə edən bölgə, danışma prosesində rol alacaq bütün əzələlərinizə lazım olan əmrləri göndərir.
Əvvəlcə, ağciyərləriniz "isti hava" təmin edir. İsti hava danışmanın xammaddəsidir. Hava burnunuzdan girir, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Bu əsnada karbondioksid də xaricə verilir.
Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən, səs telləri deyilən iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmadan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışdığınız zaman tellər bir yerə gətirilir və nəfəs verdikdə çıxan hava ilə titrədirilir.
Ağız və burun quruluşunuz səsinizin özünə xas xüsusiyyətlərini verir. Siz sözləri bir-birinin ardınca sıralayıb danışarkən diliniz damağınıza müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb yayılır. Bu proseslərdə bir çox əzələniz böyük bir sürətlə hərəkət edir.
Danışa bilməniz üçün bu əməliyyatların hər birinin əskiksiz reallaşması lazımdır. Bu kompleks əməliyyatlar müdhiş bir sürətlə və qüsursuzca reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.
Öz dərilərinə dedilər ki: "Niyə əleyhimizdə şahidlik etdiniz?" Dedilər ki: "Hər şeyə nitqi verib-danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratdı və ONA tərəf qayıdacaqsınız." ( Fussilət surəsi, 21)