Texnologiya insan ürəyindəki dizayna çata bilmir
Yer üzünün ən mükəmməl nasosu hal-hazırda sinənizin sol alt nahiyəsində işləyir. Ürək bənzərsiz dizaynı və dayanmaq bilməyən atışları ilə, 1 gün içində bədəninizdəki bütün qanın 1000 dəfə tam dövr etməsini təmin edir.
Ürək, xarici görünüş olaraq təxminən yumruğunuz böyüklüyündə, ətdən ibarət bir nasosdur. Ancaq həcmi düşünüldükdə, dünyadakı ən güclü, ən uzun ömürlü və ən məhsuldar iş maşını olduğu aydın olacaq. Bu cür xarakterizə etməyimizin bir çox səbəbi vardır. Ürəyin işləyərkən istifadə etdiyi güc böyükdür. Bu güc sayəsində ürək qanı 3 metr yuxarı sıçrada bilər. Ürəyin həcmini belə bir örnəklə daha da dəqiqləşdirə bilərik. Ürək bir saat ərzində bir avtomobili yerdən təxminən bir metr yuxarı qaldırmağa çatacaq qədər enerji meydana gətirə bilər.
Ancaq ürəyin ən mühüm xüsusiyyəti dayanmaq bilmədən işləyə bilməsidir. Ürək dəqiqədə 70 dəfə və hər il təxminən 37 milyon dəfədən çox hərəkət edən bir əzələdir. Bir insanın ürəyi həyatı boyu təxminən 2.5 milyard dəfə döyünür və təxminən 300 milyon litr qan vurur. Bu da 10 min ədəd neft tankerini dolduracaq maye miqdarına bərabərdir.
Ürək yatdığınız zaman belə, saatda təxminən 340 litr qan vurur. Başqa bir ifadə ilə ürəyimiz bir avtomobilin yanacaq anbarını saatda 9 dəfə doldurur. Bədən hərəkətlər əsnasında, məsələn, qaçarkən tempini daha da artırır və saatda təxminən 2 min 270 litr qan vurur.
Ürək hər döyündükdə müəyyən miqdar qanı böyük bir güclə bədənin dərinliklərinə qədər vurur. Bu əzələnin gücü mövzusunda bir az daha fikir əldə edə bilmək üçün yumruğunuzu saniyədə bir dəfə olmaqla, nə qədər uzun müddət sıxa biləcəyinizi təcrübədən keçirin. Qısa müddətdə yorulacaq və davam edə bilməyəcəksiniz. Barmaqlarınızı və əlinizi hərəkət etdirən əzələlər bir neçə dəqiqə içində yanmağa və ağrı verməyə başlayacaq. Buna baxmayaraq, ürək bir dəqiqə belə istirahət etmədən ömür boyu sıxılıb boşalmağa davam edir.
Ürəyin malik olduğu üstün xüsusiyyətlərin fərqinə varan elm adamları həlli bu dizayn möcüzəsini təqlid etməkdə tapırlar. Süni ürək üzərində araşdırmaları ilə tanınan "Abiomed" adlı şirkət bənzər dizaynlarla ürəyin vəzifəsini yerinə yetirə biləcək ürəklər istehsal etməyə çalışır. Ancaq ürəyin illərlə müvəffəqiyyətlə nümayiş etdirdiyi fasiləsiz funksiyanı təqlid edə bilməyəcəklərini ifadə edirlər. Şirkətin yeni inkişaf etdirdiyi süni ürəyin 5 ildə təxminən 175 milyon dəfə döyünməsi isə çox yaxşı bir hədəf olaraq qəbul edilir.
Son texnologiya məhsulu olan bu süni ürək insanlardan əvvəl danalarda sınanmış, ancaq danalar yalnız bir neçə ay həyatda qala bilmişdilər. Bir neçə kiçik dəyişikliklə birlikdə yeni ürəyin növbəti illərdə insanlarda da sınanması planlanır.
Duke Universitetində bir biomühəndis olan və bu mövzuda yazılmış bir kitabı olan Steven Vogel tədqiqatçıların niyə insan ürəyini təqlid etməkdə bu qədər çətinlik çəkdiklərini belə açıqlayır:
"Bizim sahib olduğumuz mühərriklər gücləri və fəaliyyətləri nə olursa olsun, o qədər fərqli işləyirlər ki. Ürək əzələsi bizim texnoloji təchizatımızda olan heç bir şeyə bənzəməyən, yumşaq, yaş, sıxıla bilən bir maşındır. Məhz bir ürəyi buna görə təqlid edə bilməzsiniz..." (Robert Kunzig, Discover, "The Beat Goes On", January 2000)
Abiomed şirkətinin süni ürəyi də gerçək bir ürək kimi 2 mədəcikdən meydana gəlir. Ancaq bənzərlik burada sona çatır. Araşdırmanı idarə edən Pennsylvania Universitetindən biomühəndis Alan Snyder bu fərqi "Gerçək bir ürəkdə əzələ bir lövhə kimi vəzifə yerinə yetirir və özü sıxılır" ifadələri ilə izah edir. (Harun Yəhya, İnsan Möcüzəsi)
Süni ürəyin çıxmazları
Öz-özünə sıxılan bir lövhəni necə istehsal edəcəklərini bilməyən tədqiqatçılar iki mədəciyin arasına yerləşdirdikləri bir mühərrik sayəsində, hər iki mədəciyin daxili divarlarını itələyərək hərəkət etdirirlər. Süni ürək qarın içinə yerləşdirilən bir batareya ilə işləyir. Bu batareya isə xəstənin üzərində daşıdığı yüklənə bilən daha böyük bir batareya paketindən radio dalğaları ilə davamlı yüklənmək məcburiyyətindədir.
Gerçək bir ürəyin isə enerji üçün bir batareyaya ehtiyacı yoxdur, çünki ürəyimiz öz enerjisini hər hüceyrəsi içində öz başına yarada bilən bənzərsiz bir əzələ dizaynına malikdir. Bundan başqa, ürəyin təqlid edilə bilməyən başqa bir xüsusiyyəti də bənzəri olmayan dinamik bir döyünmə həcminə malik olmasıdır. Belə ki, istirahət etmə halında dəqiqədə 5 litr qan vuran bir ürək fəaliyyət əsnasında bunu dəqiqədə 25-30 litrə qədər artıra bilir. Abiomed şirkətinin idarəçisi olan Kung bu mükəmməl temp dəyişikliyini "Bu hələ heç bir mexaniki cihazın çata bilməyəcəyi bir şeydir" deyərək xarakterizə edir. Şirkətin istehsal etdiyi süni ürək isə ən çox dəqiqədə 10 litr qan vura bilir ki, bu da bir çox fəaliyyət baxımından kifayət deyil.
Əsl öyrənilə və tətbiq edilə bilməyən texnika isə ürəyin özünə vurduğu qan ilə qidalanması və ehtiyaca görə də güclənməsidir. Beləcə bir ürək heç baxım görmədən 50-60 il işləyə bilir. Ürək bölünərək yenilənən canlı bir toxuma olması səbəbindən fasiləsiz iş performansını heç bir zaman itirmir. Bu da onu təqlidlərindən ayıran ən böyük xüsusiyyətlərindən biridir. Elm adamlarının müasir dövrün texnologiyası ilə çatmağı xəyal belə edə bilmədiyi xüsusiyyətlərə malik olan ürəyimiz bənzərsiz dizaynı ilə uca Rəbbimizin üstün elmini bizlərə tanıdır.
"Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allah'a) ibadət etməyim? Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər." (Yasin surəsi, 22-23)