Hər şey balalar üçün
Heyvanlar dünyasının diqqət çəkici xüsusiyyətlərindən biri heyvanlardakı şüurlu və fədakar davranışlardır. Quşlar, zebralar, ceyranlar, dovşanlar, qısacası, bütün heyvanlar balalarını özlərini təhlükəyə atma bahasına qoruyurlar. Çünki Allah onları bu şəkildə yaratmışdır. Bütün canlılar Allah'ın vəhyi ilə hərəkət edirlər.
Heyvanların balaları çox vaxt qulluğa və qorunmağa möhtac olaraq doğulurlar. Ümumiyyətlə kor və ya tüksüz olan, hələ ov etmə qabiliyyəti olmayan balalar əgər valideynləri və ya sürülərindəki digər yetkinlər tərəfindən qorunmurlarsa, qısa müddətdə aclıqdan və ya soyuqdan ölərlər. Ancaq bu baş vermir. Çünki heyvanlar aləmindəki yetkinlər balalarını bütün təhlükələrdən qorxmayaraq qoruyurlar. Lazım olsa öz canlarını da təhlükəyə ataraq və ya çox çətin şərtlərə baxmayaraq, böyük fədakarlıq göstərirlər.
Balaların təhlükələrdən qorunmaları
Canlılar balalarını qorumaq lazım olduqda olduqca təhlükəli və yırtıcı ola bilirlər. Əslində, bir hücum və ya təhlükə sezdikdə, daha çox balalarını götürüb o bölgədən sürətlə uzaqlaşırlar. Qaçmaq üçün fürsət tapmadıqda isə tərəddüd etmədən özlərini təcavüzkarın önünə atırlar. Məsələn, yarasalar və quşlar balalarını yuvalarından alan tədqiqatçılara hücum etmələri ilə məşhurdurlar.
Zebralar kimi iri məməli heyvanlar isə sürülərinə kaftar kimi düşmənləri hücum etdikdə dərhal qruplara ayrılaraq dayçaları ortalarına alırlar və sürətlə qaçmağa başlayırlar. Yaxalandıqları təqdirdə, sürünün yetkinləri bu yırtıcı heyvanlara qarşı dayçalarını cəsurluqla qoruyurlar.
Zürafələr isə hücuma məruz qaldıqda buzovlarını bədənlərinin altına itələyir və ön ayaqları ilə düşmənlərinə bərk təpik vururlar. Marallar və antiloplar ümumiyyətlə ürkək və həyəcanlı heyvanlardır və balaları olmadığı vaxtlarda sürətlə qaçırlar. Ancaq balalarını qorxudan tülkü və qurdlara qarşı iti və sərt dırnaqlarını istifadə etməkdə tərəddüd etmirlər.
Daha kiçik və zəif məməlilər isə adətən balalarını qorumaq üçün onları gizlədir və ya etibarlı bir yerə aparırlar. Ancaq buna fürsətləri olmadıqda düşmənlərini balalarından uzaqlaşdırmaq üçün azğınlaşa bilirlər. Məsələn, çox ürkək bir heyvan olan dovşan balalarına hücum edən düşməni uzaqlaşdırmaq üçün böyük risklərlə üzləşir. Balalarına hücum olduqda, dərhal yuvasına qaçır və güclü arxa ayaqları ilə düşməninə bir neçə cüt sərt təpik vurur. Bu cəsarəti çox vaxt yırtıcı heyvanı belə geri qaçırmaq üçün kifayət edir.
Həyatlarını təhlükəyə atan heyvanlar
Ceyranlar isə yırtıcı heyvanlar balalarını qovmağa başladıqda, dərhal balalarının arxasına keçirlər. Çünki yırtıcı heyvanlar ovlarını ümumiyyətlə arxadan tutur. Ana ceyran mümkün olduğu qədər balasına yaxın hərəkət edir. Əgər yırtıcı heyvanlar yaxınlaşsalar, ana onları uzaqlaşdırır. Balası izlənilən bir ceyran dırnaqları ilə çaqqalları cırmaqlayır. Təcavüzkarları balalarından uzaqlaşdırmaq üçün qəsdən onların qarşısında qaçır.
Quş sürülərində də yetkinlər balaların hamısını qoruma vəzifəsini öhdələrinə götürürlər. Xüsusilə qağayılar bu quş sürüləri üçün təhlükə yaradırlar. Yetkin bir və ya iki quş güc nümayişi edərək qağayıları qaçıra bilir. Ümumiyyətlə yetkin quşlar bala quşları növbə ilə qoruyurlar və vəzifələrini təhvil verdikdə daha uzaq sularda qidalanmaq üçün o bölgədən ayrılırlar. Marallar əgər balalarına hücum edən düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini anlayırlarsa, özlərini heç çəkinmədən düşmənlərinin önünə atır və ov olaraq düşmənin özlərini qovmasına şərait yaradırlar. Beləliklə düşməni balalarından uzaqlaşdırırlar. Bir çox heyvan eyni taktikanı istifadə edir. Məsələn, dişi pələng özlərinə doğru ovçu bir heyvanın yaxınlaşdığını gördükdə, balalarının yanından ayrılır və dərhal düşməninin diqqətini öz üzərinə çəkir. Yenotlar isə düşmənlərinin gəldiyini gördükdə balalarını ən yaxındakı ağacın üzərinə daşıyır və daha sonra sürətlə ağacın üzərindən aşağı enərək düşmənlərinin üzərinə atılırlar. Onları uzun müddət arxalarından sürüyür və balalarından kifayət qədər uzaqlaşdırdıqda, düşmənlərini sovuşduraraq dərhal səssizcə balalarının yanına qayıdırlar. Əlbəttə ki, bu davranışları hər zaman yüzdə yüz müvəffəqiyyətlə nəticələnməyə bilər. Balalar xilas olsa belə, valideynlər balaları uğrunda ölümə gedə bilərlər.
Yaralı təqlidi edən quşlar
Bəzi quşlar isə "yaralı təqlidi" edirlər və beləliklə düşmənlərinin diqqətini balalarının üzərindən dağıdaraq öz üzərlərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin önünə gəldikdə yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Bu əsnadada fəryad edir və sanki yerdə çarəsizcə çırpınır kimi görünür. Ancaq həmişə tədbirli davranır və düşmənin çata biləcəyi məsafənin irəlisində dayanır. "Yaralı" quşu asan ov olaraq görən yırtıcı heyvan ovunu tutmağa çalışarkən, yuvadan bir xeyli uzaqlaşdırılmış olur. Ovçu yuvasından kifayət qədər uzaqlaşdıqda, dişi quş bir anda təqlid etməyi buraxır və təcavüzkar heyvan tam quşa çatmışkən dişi quş birdən qanadlanır və uçur. Bu "teatr nümayişi" ümumiyyətlə çox qənaətbəxşdir. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların "yaralı quş" ssenarisinə bu gün belə elm adamları heç bir izah gətirə bilmirlər.
Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quşun çox şüurlu bir varlıq olması lazımdır. Bu davranış hər şeydən əvvəl "təqlid", zəka və qabiliyyət tələb edir. Həmçinin bir heyvanın özünü tərəddüd etmədən düşməninin önünə ata bilməsi və özünü qovlatması üçün çox cəsarətli olması lazımdır. Daha da maraqlı olanı bu quşlar bu davranışı başqalarından görərək etmirlər. Bu müdafiə etmə taktikasına və qabiliyyətinə doğuşdan sahibdirlər. (Harun Yəhya, Canlılardakı Fədakarlıq və Şüurlu Davranışlar)
Şübhəsiz ki, burada izah edilənlər heyvanlar dünyasında yaşanan şüurlu və fədakar davranışların yalnız bir qismidir. Yer üzündəki milyonlarla növ canlı özünə xas qoruma sisteminə malikdirlər. Ancaq bu sistemlərdən çox, bunlardan çıxan nəticə əhəmiyyətlidir. Bir quşun öz şüuru və iradəsi ilə balasını qorumaq üçün ölümü gözə aldığını iddia etmək ağıla və məntiqə uyğun deyil. Burada haqqında bəhs edilən ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara sahib olması mümkün olmayan heyvanlardır.
Əgər bir canlı növünün içində yalnız bir nəsil eqoist olsa və bu fədakarlıqlar edilməsə, o növün nəsli tükənəcək. O halda bu canlılara çox şüurlu davranışları etdirən kimdir? Ağılları olmayan bu varlıqlar necə belə mükəmməl işlər icra edə bilirlər?
Əlbəttə ki, bu canlıların belə bir davranış nümayiş etmələrinin səbəbi onları Allah'ın bu şəkildə yaratmış olmasıdır. Bu canlılar da yer üzündə var olan hər şey kimi Allah'ın ilhamı ilə hərəkət edirlər. Bu heyvanların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah'dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:
"O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr surəsi, 24)
"Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!" (Hədid surəsi, 1-2)
Yağış quşu balalarına göz dikən heyvanları uzaqlaşdırmaq üçün qanadlarından birini qırıqmış kimi yerə çırpır və yaralı kimi yerdə sürüyərək düşmənini öz üzərinə çəkir. Yuvanın təhlükəsizliyinə əmin olana qədər düşmənin özünü təqib etməsinə icazə verir. Düşmən yuvadan kifayət qədər uzaqlaşdıqda isə rola girməyi tərk edir və sürətlə balalarının yanına qayıdır.