İnsan möhtəşəm kainatı kəşf etməyə çalışır
Ötən günlərdə dünya tarixində əhəmiyyətli hadisə baş verdi. Kosmik gəmi “Kassini” Saturnun halqasındakı boşluqdan keçərək planetin orbitinə daxil oldu. NASA və ESA-nın ortaq istehsalı olan 3.3 milyard dollar dəyərində olan “Kassini” planetin orbitinə daxil olmaq üçün halqanın alt tərəfindən, F halqası ilə G halqasının arasındakı boşluqdan keçdi.
Pasadena reaktiv hərəkət laboratoriyasında NASA ekspertləri kosmik gəmidən gələn siqnallarda heç bir problem olmadığını qeyd etdilər. Kassini son mövqeyinə görə, Yerdən bir milyard yarım (1. 448. 410.000 km), Saturndan isə 20 min km. uzaqlıqdadır. Kassini Saturnu tədqiq edəcəyi 4 il müddətində planetin ətrafında 76 dəfə fırlanacaq.
Orbitə 96 dəqiqəyə girən Kassini 1997-ci ildən indiyə qədər 3.5 milyard kilometr yol qət edib.
Elm adamları Saturnda Günəş sisteminin meydana gəlməsi ilə bağlı bir çox ipucu olduğunu düşünürlər.
Saturnun peyki Titan da araşdırılır
Kassini dekabr ayında kosmos robot Güygensi Saturnun peyki Titana buraxacaq. Kassini Titana yaxınlaşanda Güygens paraşüt vasitəsilə peykin dumanlı atmosferinə daxil olacaq. Elm adamlarının fikrincə, Güygens Titanın səthindəki hidrokarbonat okeanına, ya da qletçerlərə düşəcək.
Elm adamları Titan okeanlarını yer üzündəki okeanlarla müqayisə edirlər. Təxminlərə görə, Titan dənizlərindəki dalğalar dünya okeanlarından 7 dəfə yüksəkdir, ancaq daha yavaş hərəkət edirlər və daha aralıdırlar. Bu fərziyyənin doğruluğu 2005-ci ilin yanvarında aydın olacaq. Elm adamları Güygens müşahidə gəmisinin Titan okeanına düşərkən nə ilə qarşılaşacağını kompüter mühitində aparılan simulyasiya ilə həll etməyə çalışırlar. 1980-ci ildə “Voyacer 1” kosmik gəmisi Saturnun peykinin yaxınından keçəndə, elm dünyası Titanın səthində metan dənizlərinin olduğunu müəyyən etmişdir. Radar siqnallarının Titandan geri qayıtması səthin okeanlarla örtüldüyü sübut edirdi. Porto Rikodakı Arecibo teleskopundan Titana göndərilən radio dalğaların əks-sədaları hesablayan elm adamları Titanın səthinin 75%-nin maye şəklində olan hidrokarbonatla örtüldüyünün qənaətinə gəldilər.
Yolda başqa bir kəşf: Feba
“Kassini” kosmik gəmisi yolunun üzərində olan Febanı da tədqiq etməyə başladı. 14 iyun 2004-cü ilin şənbə günü Feba peykinin 2 min km. yaxınından keçən “Kassini” peykin atmosferi və kimyəvi quruluşu haqqında da məlumatlar toplayır. Diametri 220 km. olan Febanın fotoşəkilləri peykin ən dəqiq görüntüləri olacaq. Elm adamları peykin həcm və ağırlığını hesablamağa çalışacaqlar. Onlar buz və ya qayadan meydana gəldiyini düşündükləri peykin kimyəvi quruluşunu təsdiq etmək istəyirlər.
Feba tamamilə qaranlıq olan kosmos cismidir. Peyk Günəşdən aldığı işığın yalnız 6 %-ni əks etdirir. Peyk Saturnun digər peyklərinin əksinə hərəkət edir. Həm qaranlıq olması, həm də digər peyklərin əksinə hərəkət etməsinə görə, elm adamları Febanın Günəş sisteminin xaricindən gəldiyini və Saturnun cazibə sahəsinə girən bir göy cismi olduğunu düşünürlər. Günəş sisteminin xaricində olan və yüz minlərlə irili-xırdalı göy cismini saxlayan Kuiper qurşağından qopan cisimlər planetlərin arasına qarışaraq peyk mövqesinə keçə bilirlər. Feba peykinin kimyəvi analizinin Günəş sisteminin xarici seqmentləri ilə əlaqədar bir çox ipucu verəcəyi düşünülür.
Günəş sistemindəki möhtəşəm nizam
Saturn yaşadığımız sonsuz kainatın içindəki planetlərdən yalnız biridir. Möhtəşəm xüsusiyyətlərə sahib olduğu düşünülən Saturn elm adamları tərəfindən ətraflı şəkildə tədqiq edilir. Tədqiqatların nəticələri böyük maraqla gözlənilir. Bəs içində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı? Bu kainatdakı tarazlıq, ahəng və nizam necə ortaya çıxdı? Üzərində yaşadığımız dünya necə oldu ki, bizim həyatımız üçün bu cür uyğun sığınacaq oldu? Məhz bu suallar, əsrlərdir ki, insanları düşündürür. Elə bu səbəbdən, insan illərdir ki, inkişaf edən texnologiyadan faydalanaraq kainatın sirlərini kəşf etməyə çalışır, kosmosa göndərilən raketlərlə, peyklərlə də bu işlər davam edir.
Kainatdakı nizamlılığı aydın şəkildə müşahidə etdiyimiz sahələrdən biri Günəş sistemidir. Günəş sistemində 9 planet və 54 peyk var. Bu planetlər Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Uran və Plutondur. Bu planetlərin və 54 peykin içində həyata uyğun səth və atmosferə sahib olan yeganə göy cismi Yerdir.
Günəş sistemini araşdırdıqda böyük tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edir, onlar da fırlandıqlarına görə mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Amma əgər planetlərin hərəkət sürətləri bir az daha yavaş olsaydı, o zaman bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və Günəş tərəfindən böyük bir partlayışla udulardılar. Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə hərəkət etsəydilər, Günəşin onları tuta bilməyəcək və planetlər xarici kosmosa sovrulacaqdılar. Halbuki, çox həssas tarazlıq qurulmuşdur və sistem bu tarazlığı qoruduğu üçün davam edir. Həmin tarazlığın hər planet üçün ayrı-ayrı qurulduğuna da diqqət yetirmək lazımdır. Çünki planetlərin Günəşdən uzaqlıqları çox fərqlidir. Həmçinin kütlələri də fərqlidir. Bu səbəbdən, hamısı üçün ayrı hərəkət sürəti təyin olunmalıdır ki, Günəşə yapışmaqdan, ya da Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan xilas olsunlar.
Tədqiqatlar çox əhəmiyyətli bir həqiqəti təsdiqləyir
Əlbəttə, Saturnu, onun peyki Titanı və s. araşdıran elm adamları tədqiqatları ilə kainatla bağlı bir çox yeni məlumata sahib olacaqlar. Bu tədqiqatların nəticəsi isə bizə bu gün də, sabah da bir şeyi sübut edir: Kainatdakı qüsursuz bir tarazlıq və nizam olduğunu.
Kainat haqqında aparılan hər cür araşdırma bizə bu kainatda fövqəladə bir dizayn olduğunu göstərir. Bu dizaynın nə demək olduğu isə aydındır. Əlbəttə ki, kainatın hər detalında gizli olan dizayn, eyni zamanda, kainatın hər detalına hakim olan sonsuz güc və ağıl sahibi bir Yaradıcının varlığının sübutudur. Üstün bir Yaradıcı olan Allah bütün kainatı yoxdan yaratmışdır. Bu həqiqət Big Bang nəzəriyyəsi ilə də ortaya qoyulmuşdur.
Elmin ortaya çıxardığı bu nəticə Quranda bizə öyrədilən bir həqiqətdir. Allah kainatı yoxdan yaratdığını və nizamladığını belə bildirir:
"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır." (Əraf surəsi, 54)