İşıqdakı dizayn
Günəş elə incə planlanmış bir məsafədə işıq yayır ki, bu məsafə canlıların yaşaması üçün lazım olan ən ideal məsafədir. İşıqdakı fövqəladə dizaynın sahibi elmi ilə hər şeyi əhatə edən uca Allah’dır.
Həyatımız boyu ən çox gördüyümüz göy cismi Günəşdir. Gündüz nə vaxt başımızı qaldırıb göyə baxsaq, onun göz qamaşdıran işığını görərik. Biri bizdən "Günəş bizə nə fayda verir", deyə soruşsa, çox düşünmədən cavab verərik: Günəş bizi istilik və işıqla təmin edir. Bu cavab bir az səthi də olsa, doğrudur.
Amma görəsən, Günəşin bizə istilik və işıq verməsi təsadüfi və məqsədsiz bir hadisədirmi? Yoxsa Günəş bizim üçün xüsusi olaraq hazırlanmışdır? Görəsən, göydəki bu alov topu sırf bizim ehtiyaclarımıza uyğun şəkildə yaradılan nəhəng bir "lampa"dırmı?
Son illərdəki elmi kəşflər ikinci variantın doğruluğunu sübut edir. Çünki Günəşin işığında heyrətamiz bir dizayn var.
Ən doğru dalğa uzunluğu
Həm işıq, həm də temperatur elektromaqnit şüa kimi məlum olan enerjinin fərqli formalarıdır. Elektromaqnit şüaların bütün formaları kosmosda enerji dalğaları şəklində hərəkət edirlər. Bu şüalar bir gölün üzərinə atılan daşların meydana gətirdiyi dalğalara bənzəyir. Göldəki dalğaların fərqli uzunluqları olduğu kimi, elektromaqnit şüalarının da fərqli dalğa uzunluqları olur. Ancaq elektromaqnit şüalarının dalğa uzunluqları arasında çox böyük fərqlər var. Bəzi dalğalar kilometrlərlə uzunluqda olurlar. Başqa dalğa uzunluqları isə bir santimetrin trilyonda birindən daha kiçikdir. Alimlər fərqli dalğa uzunluqlarını siniflərə ayırırlar.
Məsələn, santimetrin trilyonda biri qədər kiçik dalğa uzunluqları olan şüalar qamma şüaları adlanır. Bunlar çox yüksək enerji yüklüdürlər. Dalğa uzunluqları kilometrlərlə uzunluqda olan şüalar isə radio dalğaları adlanır və bunlar çox zəif enerjiyə malikdir. Bu səbəbdən, qamma şüaları bizim üçün öldürücü ikən, radio dalğalarının bizə heç bir təsiri olmur.
Burada diqqət yetirilməli cəhət ondan ibarətdir ki, dalğa uzunluqları fövqəladə dərəcədə geniş yelpikdə dağılır. Ən qısa dalğa uzunluğu ən uzun dalğa uzunluğundan 1025 dəfə kiçikdir. 1025 10 rəqəminin yanına 25 sıfır əlavə olunması ilə yaranan ədəddir. 10, 000, 000, 000, 000, 000, 000, 000, 000 şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyü xəyal sərhədlərimizi aşır.
Kainatdakı fərqli dalğa uzunluqları məhz bu geniş yelpiyin içinə dağılmışdır. Amma maraqlıdır ki, bizim Günəşimiz bu geniş yelpiyin çox dar aralığında yerləşdirilmişdir. Günəşdən yayılan fərqli dalğa uzunluqlarının 70 %-i 0.3 mikronla 1.50 mikron arasındakı dar bir sərhədin içindədir. Bu məsafədə üç növ işıq var: Görünən işıq, yaxın infraqırmızı şüalar və bir az da yaxın bənövşəyi şüalar.
Bu üç növ işıq sayca çox görünə bilər. Əslində isə üçünün cəmi elektromaqnit yelpiyinin içində sadəcə bir yeri tutur! Başqa sözlə desək, Günəş işığının hamısı üst-üstə düzdüyümüz 1025 kartın sadəcə birinə uyğun gəlir.
Bəs Günəş şüaları niyə dar aralığa sıxışdırılmışdır?
Cavab çox əhəmiyyətlidir: Günəş işığı bu dar məsafəyə ona görə sıxışdırılmışdır ki, Yer üzərindəki həyatı dəstəkləyən şüalar yalnız bu şüalardır.
İngilis fiziki İan Campbell “Enerji və atmosfer” (Energy and the Atmosphere) adlı kitabında bu mövzuya toxunur və "Günəşdən yayılan şüaların Yer üzərindəki həyatı dəstəkləmək üçün lazım olan çox dar məsafəyə sıxışdırılması həqiqətən fövqəladə bir vəziyyətdir", deyir.
İndi işığın "fövqəladə vəziyyətini" bir az da yaxından araşdıraq.
Bənövşəyidən infraqırmızıya
Qamma şüaları, X şüaları və bənövşəyi (ultrabənövşəyi) şüalar kimi tanınan qısa dalğalı şüalar atom və ya molekullarla qarşılaşdıqda, yüksək enerjiləri səbəbindən onları parçalayırlar. Qarşılarına çıxan maddəni mikro səviyyədə "deşik-deşik" edirlər.
Daha uzun dalğa uzunluğuna sahib olan şüalar isə (bunlar infraqırmızıdan başlayır və radio dalğalarına qədər gedir) çox az enerji daşıdıqları üçün maddə üzərində əhəmiyyətli təsir meydana gətirmirlər.
"Maddə üzərində əhəmiyyətli təsir" dediyimiz şey isə kimyəvi reaksiyalardır. Məlumdur ki, kimyəvi reaksiyaların böyük hissəsi mühitə enerji girişi ilə mümkün olur. Bu enerji miqdarına aktivləşmə enerjisi deyilir. Bu enerji miqdarından daha azı və ya çoxu heç nəyə fayda verməyəcək.
Məhz elektromaqnit yelpiyin içindəki fərqli şüaların yalnız çox kiçik bir qismi aktivləşmə enerjisinə bərabər bir enerjiyə malikdir. Dalğa uzunluqları 0.70 mikron ilə 0.40 mikron arasında dəyişən bu şüaların hansı şüalar olduğunu anlamaq istəsəniz, bir az başınızı qaldırıb ətrafı seyr edin. Çünki gördüyünüz bu şüalar "görünən işıq"dır. Bu şüaların təsiri ilə gözünüzdə kimyəvi reaksiyalar baş verir və bunun sayəsində görürsünüz.
"Görünən işıq" adlandırılan bu şüalar elektromaqnit yelpiyin 1025-də 1-dən belə daha az məsafədə olmalarına baxmayaraq, Günəş şüalarının 41%-ni meydana gətirirlər. Tanınmış fizik Corc Wald “Scientific American” jurnalında nəşr olunan "Həyat və işıq" (Life and Light) adlı məqaləsində bu mövzuya toxunmuş və "bioloji kimyanın enerji ehtiyacı ilə Günəş şüası arasındakı fövqəladə uyğunlaşma"nı vurğulamışdır. Həqiqətən də Günəşin həyata bu qədər uyğun işıq yayması fövqəladə bir dizayndır.
Fotosintez və işıq
Bir çox insan dərs kitablarında tədris olunan fotosintezin bizim həyatımız üçün nə qədər əhəmiyyətli olduğunu bilmir. Fotosintezin düsturunu xatırlayaq:
6H2O + 6CO2 + Günəş işığı = C6H12O6 + 6O2
Qlükoza
Bu kimyəvi reaksiyada altı su molekulu ilə altı karbondioksit molekulu Günəş işığının enerjisi sayəsində birləşir. Ortaya qlükoza adlandırdığımız molekul çıxır. O, yüksək enerji tərkiblidir və bütün qidaların əsasını təşkil edir.
Qısası, bitkilər fotosintez etdikdə Günəşdən gələn enerjini istifadə edərək qida istehsal edirlər. Dünyadakı yeganə qida istehsalı bitkilərin reallaşdırdığı bu fövqəladə kimyəvi prosesdir. Digər canlılar bu mənbədən qidalanırlar. Otyeyən heyvanlar bitkiləri yedikdə Günəş mənbəli enerjini alırlar. Ətyeyən heyvanlar da bitkilərlə qidalanan otyeyən heyvanları yeməklə Günəş mənbəli enerjini əldə edirlər. Biz də həm bitkilər, həm də heyvanlar vasitəsilə eyni enerjini alırıq. Bu səbəbdən, yediyimiz hər alma, hər kartof, hər şokolad, ya da bifşteks, əslində, bizə Günəşdən gələn enerjini verir.
Yuxarıdakı düstura diqqət yetirsəniz, fotosintezin qlükoza ilə yanaşı, altı oksigen molekulu yaratdığını da görərsiniz. Bitkilər bu şəkildə heyvanlar və insanlar tərəfindən daim çirklədilən atmosferi təmizləyirlər.
Fotosintez olmasa, bitkilər olmaz, bitkilər olmadıqda isə heyvanlar və biz mövcud olmarıq. Üstündə gəzdiyiniz çəmənliklərin, əhəmiyyət vermədiyiniz ağacların və ya bitkilərin dərinliklərində reallaşan və hələ heç bir laboratoriyada təqlid edilə bilməyən bu kimyəvi reaksiya həyatın əsas şərtlərindən biridir.
Bəs Günəşin işığı fotosintez üçün xüsusi olaraq hazırlanmışdırmı? Yoxsa bitkilər hansı işıq gəlsə, bu işığı qiymətləndirib ona görə fotosintez edə biləcək elastikliyə sahibdirlər? Bu sualın cavabı belədir: Günəş işığı fotosintez üçün xüsusi olaraq hazırlanmışdır.
Amerikalı astronom Corc Greenstein “Simbiotik kainat” (The Symbiotic Universe) adlı kitabında belə yazır: "Fotosintezi reallaşdıran molekul xlorofildir... Fotosintez mexanizmi bir xlorofil molekulunun Günəş işığını sorması ilə başlayır. Amma bunun reallaşması üçün işıq doğru rəngdə olmalıdır. Yanlış rəngdəki işıq fayda verməyəcək... Əgər bu molekul və Günəş bir-birlərinə uyğun olaraq nizamlanmasalar, fotosintez baş tutmaz. Günəşə baxsaq, şüaların tam uyğun olan rəngdə olduğunu görərik".
Gözlər və işıq
Görmə sisteminin ən fundamental şərti tor qişadakı hüceyrənin fotonu qəbul etməsidir. Məhz bunun reallaşması üçün fotonun görünən işıq sərhədləri içində qalması vacibdir. Çünki daha fərqli dalğa uzunluğundakı fotonlar hüceyrələr üçün ya çox zəif, ya da çox güclü olacaq və lazım olan reaksiyanı başlada bilməyəcəklər. Gözün ölçülərinin kiçildilməsi və ya böyüdülməsi heç bir şey dəyişdirmir. Əhəmiyyətli olan hüceyrənin uzunluğu ilə fotonun dalğa uzunluğu arasındakı uyğunlaşmadır (Harun Yəhya, Allah’ın rəng sənəti).
Digər şüaları qəbul edən bir göz hazırlamaq isə karbon əsaslı həyatın hökm sürdüyü dünyada qeyri-mümkündür. Michael Denton “Təbiətin qədəri” (Nature's Destiny) adlı kitabında bu mövzunu ətraflı şəkildə araşdırır və üzvi gözün ancaq "görünən işıq" sərhədləri içində görə biləcəyini açıqlayır. Nəzəri olaraq hazırlanan heç bir göz modelinin fərqli dalğa uzunluqlarını görə bilməsi mümkün deyil.
Bunları düşünəndə isə belə nəticəyə gəlirik: Günəş elə incə hazırlanmış bir məsafədə işıq yayır ki, bu, həm kompleks canlıların bioloji funksiyalarının dəstəklənməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer üzərindəki canlıların görmə qabiliyyətinə sahib olması üçün ən ideal məsafədir.
Bu həqiqətlər Allah’ın yaratmasındakı qüsursuzluğu və mükəmməlliyi göstərən yaradılış dəlillərindəndir. Allah Quranda yaratdığı varlıqlara belə diqqət çəkir:
(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (İbrahim surəsi, 32-33)