Canlanan atomlar
Atomlar canlı və cansız olan hər şeyin tikinti daşlarıdır. Canlı maddənin cansız atomlardan meydana gəlməsi olduqca heyrətamizdir. Bu vəziyyət təkamülçülərin də heç vaxt açıqlaya bilmədikləri bir mövzudur.
Belə ki, bir yerə yığılan daşların canlı varlıqları meydana gətirməsi necə qeyri-mümkündürsə, eləcə də cansız atomlar bir yerə gələrək, öz-özlərinə canlı varlıqları yarada bilməzlər. Bir daşla bir kəpənəyi xəyalınızda canlandırın. Biri cansız, digəri canlıdır. Ancaq diqqət etsəniz görərsiniz ki, hər ikisi də eyni subatom zərrəciklərindən yaranmışdır.
Bəs cansız varlıqlardan canlı varlıqlar necə yaranır?
Aydındır ki, bir canlının hüceyrəsi cansız atomların xüsusi dizaynla bir yerə toplanması ilə yaranmışdır. Canlının hüceyrələrinin böyümə, çoxalma və başqa xüsusiyyətləri Allah’ın mükəmməl dizaynının nəticəsidir. Bizim gördüyümüz dizayn Allah’ın ölüdən dirini yaratmasından başqa bir şey deyil. Allah Quranda belə buyurmuşdur:
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz! (Ənam surəsi, 95)
20-ci əsrdə sürətlə inkişaf edən elm sayəsində bir çox həqiqət üzə çıxmışdır. Bunlardan biri də odur ki, canlılar mükəmməl quruluşa sahibdir və bu, ancaq Allah’ın həyat verməsi ilə mümkündür. 19-cu əsrdə təkamül nəzəriyyəsinin ortaya atıldığı dövrdə ibtidai mikroskoplarla aparılan araşdırmalarda hüceyrə sadə ləkəyə bənzəyirdi. Hal-hazırda isə elektron mikroskoplarla aparılan araşdırmalar hüceyrənin son dərəcə kompleks quruluşa malik olduğunu ortaya çıxarmışdır. Bu araşdırmalar canlıların cansız maddədən öz-özünə meydana gəlməsinin qeyri-mümkün olduğunu sübut etmişdir.
Canlı aləmin mənbəyi yalnız canlılardır. Məhz bu, təkamülçülərin qətiyyən öhdəsindən gələ bilmədikləri bir problemdir. Təkamülçülər maddənin öz şüuru, öz qabiliyyəti, öz iradəsi olduğunu qarşıya qoyan ağlasığmaz və elmdən uzaq iddialar irəli sürürlər. Bu uydurma nağıllara özləri də inanmırlar və suallara elmi cavab verə bilmədiklərini etiraf etməyə məcbur olurlar. Məsələn, müasir dövrdə təkamül nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan Riçard Dokinz belə etiraf etmişdir:
"Bir şeyin reallaşmasındakı ehtimal statistik olaraq azaldıqca, onun təsadüf əsəri ola bilməyəcəyinə dair inancımız o qədər artır: Belə vəziyyətdə, əgər şans yoxdursa, bunun bir alternativi var. O da, Ağıllı bir Dizaynerin varlığıdır".
Təkamülçülərə təklif edilən çəllək təcrübəsi:
Təkamülçülərin xəyali iddialarına görə, Böyük Partlayışdan sonra həssas tarazlıq qüvvəsinə malik olan atomlar necəsə öz-özlərini(!) yaradıblar. Təsadüfi yayılan atomların bir qismi təsadüfən(!) birləşərək kosmosdakı ulduzları, planetləri yaradarkən, bir qismi də dünyanı yaradıb. Dünyanı yaradan atomlardan bir qismi əvvəlcə daşı, torpağı yaradarkən, sonra birdən-birə canlıları yaratmağa qərar veriblər(!). Bu atomlar əvvəl kompleks quruluşlu hüceyrələrə çevrilib, sonra da iki yerə bölünərək çoxalmağa, danışmağa və eşitməyə başlayıblar. Sonra bu atomlar universitet professorlarına çevrilərək elektron mikroskopları altında özlərini araşdırıb “təsadüfən yarandıqlarını” iddia ediblər. Digər atomlar da bir yerə gələrək körpülər, göydələnlər tikən mühəndisləri, bir qismi də peykləri, kosmik vasitələri, təyyarələri inşa ediblər. Karbon, maqnezium, fosfor, kalium, dəmir kimi atomlar bir yerə gələrək qapqara bir kütlə yaratmaq əvəzinə, fövqəladə komplekslikdə və hələ də tam olaraq kəşf edilməyən mükəmməl beyinləri meydana gətirmişlər. Bu beyinlər heç bir texnologiya ilə müqayisə edilməyən mükəmməl dəqiqlikdə 3 ölçülü görüntülər görməyə başlayıblar (Harun Yəhya, Təkamülçülərə dəqiq cavab).
Belə bir şeyin əsla mümkün olmadığını göstərmək üçün bir təcrübə keçirək: Təkamülçülər bir çəlləyin içinə canlılar aləmini meydana gətirən bütün elementlərin atomlarından istədikləri miqdarlarda qoysunlar. Təkamülçü elm adamları canlılar aləminin meydana gəlməsi üçün nəyi lazımlı görürlərsə, onları da bu çəlləyin içinə doldursunlar və gözləməyə başlasınlar. 100 il, 1000 il gözləsinlər, 100 milyon il gözləsinlər, istədikləri kimi isitsinlər, çalxalasınlar... Nə qədər gözləsələr də, bu çəlləkdən bir “professor” çıxa bilməz. Bu çəlləkdən bir canlı belə çıxa bilməz, quşlar, balıqlar, kəpənəklər, fillər, güllər, portağallar, qarışqalar, hətta bir ağcaqanad belə çıxa bilməz. Milyardlarla cansız maddə bir yerə gəlsə, öz-özünə canlana bilməz, şüur sahibi ola bilməz.
Behe: Darvinizm həyatı açıqlaya bilməz
Bu elmi həqiqətdən amerikalı bioloq Michael Behe “Darvinin qara qutusu” adlı kitabında belə bəhs edir:
"Elm həyatın kimyasının necə formalaşdığını anlamaq mövzusunda böyük nailiyyətlər əldə etmişdir. Lakin bioloji sistemlərin molekulyar səviyyədəki həssas nizamı və kompleksliyi bunların mənbəyinin açıqlanması mövzusunda elmi iflicə uğratmışdır. Bu səbəbdən, kompleks biomolekulyar sistemlərdən hər hansı birinin başlanğıcı haqqında araşdırma cəhdi olmamışdır. Bir çox alim özünə güvənərək, bu mövzuda elmi izahlarının olduğunu iddia etmişlər və ya tezliklə bunu izah edəcəklərini söyləmişlər, lakin professional elmi ədəbiyyatda iddialarına dəstək tapa bilməmişlər. Sistemlərin öz quruluşları araşdırıldıqda, həyat mexanizmlərinin darvinist yanaşması ilə əsla açıqlana bilməyəcəyi isə aydındır".
Bütün kainat necə yoxdan yaradıldısa, canlı varlıqlar da yoxdan yaradılmışdır. Yalnız sonsuz qüdrət, sonsuz ağıl və sonsuz elm sahibi Allah’ın gücü bunları reallaşdırmağa qadirdir. Bir ayədə belə buyurulur:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)